Əbu-Dabidə Ukrayna danışıqlarının yeni raundu keçirilir

Danışıqların müharibə başlayandan bu formatda ilk raundu yanvarın 23-24-də keçirilib.

Fevralın 4-də Əbu-Dabidə (BƏƏ) Ukraynada sülh əldə olunması üçün üçtərəfli danışıqların yeni raundu başlayıb. Məlumatı Ukrayna nümayəndə heyətinin rəhbəri Rustem Umerov, həmçinin Rusiyanın TASS agentliyi mənbəyə istinadla yayıb.

Rusiya nümayəndə heyətinə, iki həftə öncəki görüşdə olduğu kimi, Baş Qərargahın Baş Kəşfiyyat İdarəsinin (QRU) rəisi İqor Kostyukov rəhbərlik edir. ABŞ nümayəndə heyətinin tərkibində prezident Donald Trampın xüsusi təmsilçiləri Stiv UitkoffCared Kuşner yer alır.

Umerov danışıqların üçtərəfli formatda başladığını bildirib. Daha sonra qruplarda fərqli istiqamətlər üzrə iş aparılacaq, sonra "mövqelərin birgə sinxronlaşdırılması" planlaşdırılır. Görüşlərin fevralın 4 və 5-də davam edəcəyi gözlənilir.

Danışıqlar qapalı keçirilir. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Əbu-Dabidəki yeni məsləhətləşmə raundunun nəticələri barədə məlumat verməyi planlaşdırmır. Onun dediyinə görə, sülh yolu ilə nizamlanmaya doğru qapılar açıqdır, amma Ukrayna Rusiyanın tələbləri ilə razılaşmadıqca Rusiya müharibəni davam etdirəcək.

Moskva Ukrayna qoşunlarının Donetsk vilayətindən tam çıxarılmasını tələb edir. ABŞ təmsilçilərinə görə, hazırda əsas fikir ayrılığı məhz bu məsələ ilə bağlıdır. Moskvanın digər tələbləri Ukraynanın NATO-ya üzvlükdən imtina etməsi, ölkə ərazisində Qərb hərbi kontingentinin yerləşdirilməməsidir.

Danışıqların müharibə başlayandan bu formatda ilk raundu yanvarın 23-24-də keçirilib. Görüşdən sonra tərəflər ehtiyatlı nikbinlik ifadə ediblər. Xüsusilə mümkün atəşkəsin texniki aspektlərini müzakirə edə bildikləri açıqlanıb.