Aprelin 15-də Rusiya Müdafiə Nazirliyi müxtəlif ölkələrdə yerləşən şirkətlərin siyahısını dərc edib. Nazirlik bu şirkətlərin Ukrayna üçün zərbə dronlarının istehsalı ilə əlaqəli olduğunu bildirir.
Siyahıya 11 Ukrayna müəssisəsinin Böyük Britaniya, Danimarka, Latviya, Almaniya, Niderland, Litva, Polşa və Çexiyadakı filialları daxil edilib. Çexiya, İsrail, Türkiyə, İtaliya, İspaniya və Almaniyada yerləşən daha 10 şirkət dron komponentlərinin istehsalçısı kimi göstərilib.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, bu siyahının yayımlanmasında məqsədi Avropa ictimaiyyətini Ukrayna üçün dron istehsalı ilə bağlı müəssisələrin ünvanları barədə məlumatlandırmaqdır.
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bunu Rusiya hərbi qüvvələri üçün "potensial hədəflərin siyahısı" adlandırıb.
"Zərbələrin nə vaxt reallığa çevriləcəyi bundan sonra baş verənlərdən asılıdır. Avropalı tərəfdaşlar, rahat yatın!", – Medvedev yazıb.
Bu açıqlama Ukrayna prezidenti Volodimir Zelenskinin aprelin 14-də Berlində Almaniya kansleri Fridrix Merts ilə görüşündən sonra verilib. Görüşdə Kiyev və Berlin 4 milyard avro dəyərində müdafiə paketi barədə razılığa gəliblər. Paketə "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raketlər də daxildir.
Bundan sonra Rusiya bir daha bəyan edib ki, Ukraynaya silah tədarükü münaqişəni yalnız uzadır.