Ukraynaya zərbələrdən ölənlər var

Dneprə dron hücumu

Aprelin 23-nə keçən gecə Dneprə zərbə nəticəsində iki nəfər həlak olub, 10 nəfər yaralanıb. Yaralılardan dördünün vəziyyəti orta ağırdır, xəstəxanaya yerləşdirilib. Onlardan ikisi 9 və 14 yaşlı qızlardır. Bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Qanja məlumat verib.

Zərbənin yaşayış binasının yuxarı mərtəbələrini zədələdiyi, yanğın baş verdiyi açıqlanıb.

Rusiya hərbçiləri Jitomir vilayətində mülki nəqliyyat infrastrukturunu da dronlarla hədəf götürüb. Vilayət hərbi administrasiyasının rəhbəri Vitali Buneçko bir qadının həlak olduğunu bildirib.

Ötən gecə Rusiya ordusu Ukraynaya 155 zərbə dronu ilə hücum edib. Onlardan 139-nu hava hücumundan müdafiə qüvvələri məhv edib.

Rusiya Müdafiə Nazirliyi bu hücumları şərh etməyib.

Ukrayna hakimiyyəti və beynəlxalq qurumlar mülki infrastruktura və dinc əhaliyə zərbələri Rusiyanın hərbi cinayətləri kimi qiymətləndirir. Rusiya isə bunu qəbul etmir, hərbi obyektlərin hədəfə alındığını bildirir.