Oktyabrın 21-nə keçən gecə Rusiya dronlarının Kiyevə hücumu zamanı iki nəfər həlak olub. Onlardan biri yaşayış binasına zərbə endirilməsi ucbatından həyatını itirib. Daha bir nəfər yaralanıb və ona tibbi yardım göstərilir.
Xarkov vilayətinə hücum isə 81 yaşlı qadın və 83 yaşlı kişinin həyatına son qoyub. İkiaylıq oğlan uşağı və səkkizyaşlı qız da daxil olmaqla, daha 11 nəfər xəsarət alıb.
Poltava vilayətində universitet binasının vurulması yanğına səbəb olub. Hadisə vaxtı üç nəfər xəsarət alıb.
Zaporojye vilayətində bir nəfər həlak olub, altı nəfər yaralanıb.
Ukraynaya məxsus kamikadze dronun Rusiyanın Bryansk vilayətinə hücumu nəticəsində 19 yaşlı yerli sakin həlak olub. Hücuma məruz qalan avtomobildəki daha iki nəfər – 21 yaşlı gənclər qəlpə yaraları alıblar.
Bundan başqa, Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın işğalı altında olan Luqansk şəhərindəki keçmiş "Ukrtelekom" binasına zərbə endirdiyi bildirilir.
Rusiyanın Müdafiə Nazirliyi ötən gecə Ukraynaya məxsus 373 dronun ələ keçirilərək məhv edildiyini bildirir.