Mayın 20-nə keçən gecə Rusiyanın Ukraynaya təşkil etdiyi hücumlar nəticəsində iki nəfər ölüb, 19 nəfər isə yaralanıb. Ukrayna isə Rusiyanın mərkəzi hissəsindəki sənaye bölgələrinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib.
Rusiya Ukraynanın cənub-şərqində yerləşən Dnepr şəhərini raketlər, dronlar və artilleriya atəşinə tutub. Nəticədə iki nəfər həlak olub, altı nəfər xəsarət alıb. Ölkənin şimalındakı Sumı və cənub-şərqindəki Zaporojye vilayətlərində isə daha 13 nəfər yaralanıb. Xəsarət alanlar arasında üç uşaq var.
Həm Rusiya, həm də Ukrayna tərəfi mülki şəxsləri qəsdən hədəf almadıqlarını bəyan edir.
Rusiyanın Müdafiə Nazirliyi ötən gecə ölkə səmasında 273 dronun vurulduğunu açıqlayıb. PUA-ların cənubdakı Stavropol vilayətinin Nevinnomıssk şəhəri ətrafındakı sənaye zonalarına hücum etdiyi bildirilir. Vilayət qubernatoru "Telegram" kanalında yazıb ki, hələlik ciddi dağıntı qeydə alınmayıb, lakin hücumlar davam edir. Həmin ərazidə Ukrayna dronlarının daha əvvəl də hədəfinə çevrilmiş iri kimya zavodu – "Nevinnomısski Azot" yerləşir.
Ukrayna ilin əvvəlindən bəri Rusiyanın enerji infrastrukturuna dron hücumlarını intensivləşdirib. Kiyev bununla Moskvanı enerji gəlirlərindən məhrum etməyə və dörd ildən çoxdur davam edən müharibəni bitirməyə çalışır.
Rusiya prezidenti Vladimir Putin isə hökumətin əsas üzvləri və biznes liderləri ilə birlikdə mayın 20-də Rusiyanın əsas enerji alıcısı olan Çinə səfər edib.