Rusiya Ukraynaya yüzlərlə dron buraxıb. Bir qadın həlak olub

Rusiyanın Çerkasıya hücumu

Aprelin 15-nə keçən gecə Rusiya hərbçiləri Ukraynaya yüzlərlə dron və raketlərlə hücum edib. Bir neçə regionun rəsmiləri yaralılar və dağıntıların olduğunu bildirib.

Zaporojyedə 74 yaşlı qadın həlak olub. Vilayət hərbi administrasiyasının rəhbəri İvan Fyodorovun sözlərinə görə, qadın avtobus dayanacağı yaxınlığındakı köşkdə olub. Rusiyanın hücumu nəticəsində çoxmərtəbəli binalar, təsərrüfat tikililəri və dayanacaqdakı avtomobillər zədələnib. Köşk isə dağılıb.

Dneprdə Rusiyanın hücumu nəticəsində üç nəfər xəsarət alıb, Xersonda bir yerli sakin yaralanıb. Çerkasıda isə dron zərbəsindən dörd nəfər yaralanıb, yaşayış evlərinə ziyan dəyib.

Rusiya dronları gecə saatlarında Odessa vilayətinin limanlarına və Sumıda bir müəssisəyə də hücum edib. Kiyev vilayəti də zərbələrə məruz qalıb, Bila Tserkvada yanğınlar baş verib.

Ukrayna Silahlı Qüvvələri bildirir ki, Rusiya hərbçiləri gecə Ukraynaya 324 dron və üç "İskəndər-M" ballistik raketi buraxıb. Rusiya, hələlik, hücumu şərh etməyib. Məlumatı müstəqil təsdiqləmək də mümkün olmayıb.

Bir gün öncə Rusiyanın Dneprə zərbəsi nəticəsində beş nəfər həlak olub, hücum zamanı kafe və ərzaq mağazasının yerləşdiyi bina zərər görüb. Bu gün şəhərdə matəm elan edilib.