Ukrayna Rusiya limanlarını vurub

2024-cü ildə Ust-Luqaya əvvəlki hücumdan sonra

Martın 25-də Ukrayna Rusiyadakı hədəflərə 400-dək dron buraxıb. Rusiyanın Müdafiə Nazirliyi azı 10 vilayətə və ilhaq edilmiş Krım yarımadasına hücum olunduğunu bildirir. Bir çoxları bunun dörd il öncə müharibə başlayandan bəri Ukraynanın böyük hücumlarından biri olduğunu deyir.

Bir gün öncə Rusiya Ukrayna vilayətlərinə azı 500 dron və raketlə hücum etmişdi.

Rusiyanın Baltik dənizindəki Ust-Luqa limanında yanğın başlayıb. Açıqlamanı Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko verib. O, hazırda yanğının söndürüldüyünü bildirib.

Ukrayna hücumu təsdiqləyib, bunu Ukrayna Təhlükəsizlik Xidməti (SBU) günündə "Kiyevin Rusiyaya hədiyyəsi" adlandırıb.

Ukrayna ordusu isə Rusiyanın "Purqa" buzqıran gəmisinin vurulduğunu bildirib. Bu hücum Ukrayna sərhədindən 900 km uzaqda, Leninqrad vilayətindəki Vıborq şəhərində gerçəkləşdirilib.

Rusiya rəsmiləri bu zərbənin baş verdiyini təsdiqləməyib. Amma Drozdenko Vıborqda yaşayış binasının damına ziyan dəydiyini deyib.

Martın 23-də oxşar hücumlar nəticəsində Ust-Luqa və Primorsk limanları xam neft və yanacaq ixracını bir günlüyə təxirə salmalı olmuşdu.

Son vaxtlar Kiyev Rusiyanın enerji infrastrukturuna zərbələri intensivləşdirib. Bu arada neftin bahalanmasının, ABŞ-nin Yaxın Şərq münaqişəsi fonunda Rusiyaya sanksiyaları müvəqqəti yumşaltmasının Moskvanın iqtisadiyyatına stimul verəcəyi, hərbi işğalı daha da körükləyəcəyi sarıdan narahatlıq var.

Rusiyanın Leninqrad və Pskov vilayətləri ilə həmsərhəd Estoniya və Latviyaya Rusiya ərazisindən dron müdaxilələri olduğu bildirilir. Estoniyanın xarici işlər naziri Marqus Tsahkna dronun yerli elektrik stansiyasını vurduğunu, amma bu ölkəyə yönəlmədiyini deyib.

"Bu, Rusiyanın tammiqyaslı təcavüzünün konkret nəticəsidir", – Tsahkna X-də yazıb. Elektrik stansiyasına ziyan dəydiyi, yaxud hər hansı itki baş verdiyi açıqlanmayıb.