Rusiyanın Ukraynaya dron hücumlarında azı üç nəfər ölüb

Xarkov

Fevralın 9-na keçən gecə Rusiyanın Ukraynaya dron hücumlarında azı üç nəfər ölüb. Onların arasında ana və onun 10 yaşlı oğlu da var.

Region rəsmiləri və prokurorlar Ukraynanın şərq və cənub bölgələrinin hədəf alındığını bildiriblər.

Regional prokurorluğun məlumatına görə, Xarkov vilayətinin şərqindəki Boqoduxov şəhərində yaşayış məntəqəsinə hücumda uşaq və anası həlak olublar. Daha altı nəfər yaralanıb. Rusiya 2022-ci ildə Ukraynada təcavüzkar müharibəyə başlayandan bu vilayət tez-tez hücumlara məruz qalır.

Odessa liman şəhərinə Rusiyanın kütləvi dron hücumunda isə bir nəfər ölüb, iki nəfər isə yaralanıb. Məlumatı vilayət qubernatoru Oleq Kiper verib. Onun sözlərinə görə, hücum zamanı yaşayış infrastrukturu və qaz kəmərinə ziyan dəyib. Kiper bu məlumatı Telegram-da paylaşıb.

Cənub-şərqdə yerləşən Dnepropetrovsk vilayətinə dron hücumunda 13 yaşlı qız daxil, doqquz nəfər yaralanıb. Vilayət qubernatoru Oleksandr Qanja deyib ki, hücum üçmərtəbəli binada yanğına səbəb olub, binanın damı tamamilə dağılıb.