ABŞ-nin vasitəçiliyi ilə Ukrayna – Rusiya danışıqları asan getmir, amma tərəflər irəliləyir, həlledici mərhələyə yaxınlaşır. Bunu Ukrayna prezident administrasiyasının rəhbəri Kirilo Budanov jurnalistlərə deyib. Məlumat administrasiyanın saytında dərc olunub.
Budanov danışıqların növbəti raundunun tarixi ilə bağlı deyib ki, görüş təxminən fevralın 27-də, bir-iki gün fərqlə keçirilə bilər. Yekun tarix hələ təsdiqlənməyib.
Budanovun sözlərinə görə, danışıqlar elə bir mərhələyə yaxınlaşır ki, "bütün tərəflərdən müharibəni davam etdirmək, yoxsa sülhə keçməklə bağlı yekun qərarlar vermək tələb olunacaq".
"Ümid edirəm, ədalət sonda qalib gələr", – Budanov deyib. O, diplomatik səylərə görə ABŞ-yə, digər tərəfdaşlara təşəkkürünü bildirib.
Ukrayna, Rusiya və ABŞ-nin iştirakı ilə üçtərəfli formatda danışıqların üçüncü raundu fevralın 17-18-də Cenevrədə baş tutub.
"Ukrainska pravda" yazır ki, danışıqlar liderlərin verdiyi təlimatların çərçivəsindən çıxan məsələlərin müzakirə olunduğu mərhələyə çox yaxınlaşıb: "Bu isə o deməkdir ki, yaxın zamanda danışıqlar ya həmin direktivləri müəyyən edən şəxslərin səviyyəsinə keçəcək, ya da bütün proses 2022-ci ildəki İstanbul razılaşmalarının taleyini təkrarlamaq riski ilə üzləşəcək".
Son vaxtlar Rusiya və Ukrayna prezidentlərinin, ABŞ prezidentinin mümkün iştirakı ilə görüşü məsələsi fəal müzakirə olunur. Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff da bu haqda danışıb. Budanovun sözlərinə görə, Rusiya belə bir görüşün mümkünlüyü ilə bağlı hələ rəsmi cavab verməyib. Kreml daha əvvəl bildirib ki, belə görüş mümkündür, amma yalnız Moskvada keçirilə bilər.
ABŞ təmsilləri danışıqlarda əsas fikir ayrılıqlarının ərazi məsələsinə, konkret olaraq Donetsk vilayətinin bir hissəsinə nəzarət məsələsinə gəlib çıxdığını bəyan ediblər.