Ukrayna atəşkəs təklifinə razılaşır. 'Top Rusiyadadır'

Tramp, Zelenski, Putin

Rusiya Ukraynanın üç ildən çoxdur davam edən işğalına son qoymaqda maraqlıdırmı? ABŞ prezidenti Donald Tramp və dünya artıq yaxın günlərdə bunu biləcək.

Martın 11-də Səudiyyə Ərəbistanında 9 saatlıq danışıqlardan sonra Ukrayna ABŞ-nin 30 günlük atəşkəs təklifinə razılaşıb. Atəşkəs sonradan uzadıla bilər.

AzadlıqRadiosunun əməkdaşı Tod Prins indi topun Rusiyada olduğunu yazır.

Tramp deyib ki, bu həftə rusiyalı həmkarı Vladimir Putinlə danışacaq. Amma təhlilçilər Kremlin ABŞ-nin təklifimə müsbət reaksiya verəcəyinə inanmadıqlarını bildirirlər.

"Rusiya razılaşarsa, təəccüblənərəm", – Tafts Universitetinin siyasi elmlər professoru Oksana Şevel AzadlıqRadiosuna deyib.

Onun sözlərinə görə, Putin hər hansı atəşkəsə razılaşmaq üçün Ukraynadan güzəştlər tələb edə bilər. Bu isə Trampı çətin duruma salar, - Şevel söyləyir.

Tramp sülh prosesində neytral arbitr olduğunu desə də, bəzi təhlilçilər buna şübhəylə yanaşırlar, onun Putinə aşkar rəğbətinin Rusiyanın tərəfini tutmasının əlaməti sayırlar.

Tramp Rusiyanı başlatdığı müharibəyə görə ittiham etməyib. "Rusiya atəşkəslə bağlı ayağını sürüyərsə, Tramp buna necə cavab verəcək?", – Şevel vurğulayır.

Putin qalib gəldiyini sandığı bir vaxtda silahı yerə qoymağa qarşı çıxa bilər, o, Ukraynanın qalan hissəsini də ilhaq niyyətindən əl çəkməyib, - ekspertlər bu düşüncədədirlər.

Hazırda Rusiya Ukraynanın 20 faizinə nəzarət edir, bir ildən çoxdur döyüş zonasında dinamizmi saxlayır, bunun əsas səbəbi də canlı qüvvə sayında üstünlüyüdür.

ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Mayk Uolts, ABŞ dövlət katibi Marko Rubio, Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak, Ukraynanın xarici işlər naziri Andriy Sibiqa və Ukrayna müdafiə naziri Rustem Umerov Ciddədə görüşdən sonra.


Ciddə görüşü

Martın 11-də Ciddədəki görüş ABŞ-Ukrayna əlaqələrinin pisləşdiyi bir dönəmdə keçirilib. Fevralın 28-də Oval kabinetdə Trampla Ukrayna prezidenti Volodimir Zelenski arasında jurnalistlərin qarşısında qızğın mübahisə yaranmışdı.

Tramp Zelenskini müharibəni bitirməyə ciddi yanaşmamaqda suçlamışdı.

Zelenski Ağ evi yarım tərk etdi, tərəflər Ukraynanın mineral resurslarından gəlirlərin paylaşılması üzrə çərçivə sazişini imzalamadılar.

Bir neçə gün sonra Tramp Ukraynaya vacib hərbi yardımı, kəşfiyyat məlumatlarını verməyi dayandırdı. Ciddə danışıqlarından sonra ABŞ elan edib ki, fasiləyə son verəcək, Ukrayna ilə minerallar sazişini imzalayacaq.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin hərbi eksperti Mark Kansianın fikrincə, Ukrayna bu görüşdən maksimum yararlanıb.

"İndiki durumda onlar bundan yaxşısına ümid edə bilməzdilər", – deyən ekspert hərbi yardım və kəşfiyyat bilgilərinin bərpasını "böyük nəticə" adlandırıb.

Təhlilçi deyir ki, birgə ABŞ-Ukrayna bəyanatında sülhün təminatı üçün məsuliyyətin Rusiyaya yönləndirilməsi "çox yaxşıdır". Amma bunun mənfisi odur ki, Ukrayna torpaqlarının dörddə biri Rusiyanın əlində qaldığı bir atəşkəsi qəbul etməli olacaq, "buna görə edə biləcəkləri elə bir şey qalmayıb".

"İtirilmiş ərazinin geri alınmasından ötrü hansısa mexanizm görməmişəm. Cəbhədəki durum onların xeyrinə deyil", – Kansian bildirir.

ABŞ dövlət katibi Marko Rubio da Ciddə danışıqlarından öncə deyib ki, Ukrayna torpaq güzəştə getməli olacaq. Amma birgə bəyanatda bu məsələyə toxunulmayıb.

Birgə bəyanat Ukrayna və Avropanı sülh prosesinin sonrakı mərhələlərindən kənar tutur, Kiyevlə Brüssel bunun baş verməsini istəmirdilər, - Kansian belə deyir.

Atəşkəs üzrə ABŞ Rusiya ilə birbaşa danışıqlar aparacaq. Amma bəyanatda Ukraynanın sülh prosesində Avropanın iştirakını istəməsi də qeyd olunub.

Bəyanatda ABŞ-dən təhlükəsizlik qarantiyaları məsələsi də yer almayıb. Kansian indiki məqamda bunun elə də vacib olmadığını söyləyir: "Belə bir ilkin sənəddə bu məsələnin nə qədər uyğun olub-olmadığını bilmirəm. Bu haqda heç nə deyilməməsini xüsusi problem saymıram".