Rusiyada doqquzuncu sinif şagirdi məktəbdə atəş açıb

"Rosqvardiya"

Ufada bir gimnaziya şagirdi səhər saatlarında oxuduğu təhsil ocağına hücum edib. O, travmatik silahla məktəbə daxil olaraq içəridəkilərə atəş açıb. UFA1.RU nəşri hadisə haqda ilk məlumat verənlərdəndir, ilkin məlumatlara istinadla üç nəfərin xəsarət aldığını yazıb.

Amma AzadlıqRadiosunun rus xidməti yerli hakimiyyət orqanlarının yaralılar haqda məlumatı təsdiqləmədiyini yazır.

"Bu gün səhər saatlarında doqquzuncu sinif şagirdi Ufa şəhərindəki 16 saylı gimnaziyada straykbol avtomatından atəş açıb. Xəsarət alan yoxdur. Yeniyetmə saxlanılıb. Vəziyyət nəzarət altındadır, detalları araşdırırıq", – Başqırdıstan rəhbəri Radiy Xabirov Telegram kanalında yazıb.

Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti də atəş açmaqda şübhəli bilinən məktəblinin saxlanıldığını təsdiqləyib. "İlkin məlumata görə, 16 saylı gimnaziyanın 9-cu sinif şagirdi plastik pnevmatik avtomatla dərsə girib. O, müəllimə və üç sinif yoldaşına bir neçə dəfə atəş açıb və fişəng partladıb", – məlumatda deyilir.

Hadisə yerinə gələn polis patrul-post xidməti və "Rosqvardiya" əməkdaşları yeniyetməni saxlayıb. DİN xəsarət alanlar haqda məlumatı dəqiqləşdirməyib.

İstintaq Komitəsinin regional idarəsi bir neçə cinayət işi, o cümlədən səhlənkarlıq maddəsi üzrə iş açıldığını bildirib.

Hücumun mümkün motivləri barədə hələlik rəsmi məlumat yoxdur.