Rusiya hərbi təyyarələri Litvanın hava məkanını pozub

Rusiya təyyarələri (Foto arxiv)

Oktyabrın 23-də Litva Rusiyanın iki təyyarəsinin ölkənin hava məkanına girməsinə etirazını bildirib. Rusiyanın Vilnüsdəki səfirliyinin müvəqqəti işlər vəkilinə güclü etiraz notası təqdim edib.

Elə həmin gün Rusiyanın Kalininqrad anklavından havaya qalxan SU-30 qırıcısı və "İL-78" yanacaqdaşıyan təyyarəsi 18 saniyə ərzində Litvanın hava məkanından keçib. Bunun havada yanacaqdoldurma təlimi zamanı baş verdiyi ehtimal olunur. Məlumatı Litva ordusu yayıb.

Vilnüs Rusiyadan Litva hava məkanının pozulmasının səbəblərini dərhal izah etməyi, gələcəkdə belə hadisələrin təkrarlanmaması üçün bütün zəruri tədbirləri görməyi tələb edib.

Litva prezidenti Qitanas Nauseda insidenti "beynəlxalq hüququn və Litvanın ərazi bütövlüyünün açıq şəkildə pozulması" adlandırıb. O, X sosial platformasında yazıb ki, bu hadisə Avropa hava hücumundan müdafiə hazırlığının gücləndirilməsinin vacibliyini bir daha təsdiqləyir.

Rusiya Müdafiə Nazirliyi isə insidentin baş verdiyini inkar edib. "Uçuşlar Rusiya ərazisi üzərində hava məkanından istifadə qaydalarına tam uyğun gerçəkləşdirilib. Təyyarələr marşrutdan yayınmayıb, digər dövlətlərin sərhədlərini pozmayıb", – nazirlik Telegram-da bildirib.

Hadisəyə cavab olaraq Baltik regionunda NATO hava patrul missiyasına daxil iki İspaniya "Eurofighter Typhoon" qırıcısı havaya qaldırılıb.

Estoniya və Latviya Litvaya tam həmrəylik bildiriblər.

NATO üzvü, Ukraynanın qəti tərəfdarları olan bu üç Baltik ölkəsinin ərazisini son aylar Rusiya təyyarələri və ya dronları bir neçə dəfə pozub.

Sentyabrda Rusiyanın üç "MiQ-31" qırıcısı Finlandiya körfəzi üzərindən Estoniyanın hava məkanına girərək təxminən 12 dəqiqə orada qalıb.

Bundan sonra Tallin BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının keçirilməsini, NATO-nun 4-cü maddəsinin işə salınmasını istəyib. Bu maddə üzvlərdən birinə təhdid yarandıqda məsləhətləşmələrin keçirilməsini nəzərdə tutur.