Moskva və Dəməşq Rusiyanın Suriyadakı mövcudluğunun yenidən təşkili ilə bağlı memorandum imzalayıblar. Bu haqda avqustun 9-da Suriyanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Tərəflər təxminən ilyarım intensiv danışıqlar aparıblar. Danışıqlarda həm hərbi, həm də mülki obyektlərin gələcək taleyi müzakirə olunub. Əsas məsələ isə Rusiyanın Tartus və Hmeymimdəki iki ən böyük hərbi bazasının statusu olub. Məlumatı Suriyanın SANA xəbər agentliyi yayıb.
Memoranduma görə, Rusiya mülki obyektlərin, o cümlədən Hmeymim hava limanının və Tartus limanının bir terminalının idarəçiliyini Suriyaya verəcək. Bu obyektlərin ölkənin mülki infrastrukturuna inteqrasiyası nəzərdə tutulur.
Suriya XİN bildirib ki, bu qərarlar iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açacaq.
2024-cü ilin dekabrında Suriyada Bəşər Əsəd devrilib, Əhməd əş-Şaraa Suriyanın faktiki liderinə çevrilib. Suriyanın yeni müdafiə naziri Murhaf Əbu Qasra 2025-ci ilin fevralında deyib ki, Kreml ilə razılaşma Suriyanın maraqlarına uyğun gələrsə, ölkə Rusiyaya Aralıq dənizi sahillərində hava və hərbi-dəniz bazalarını saxlamağa icazə verəcək.
2025-ci ilin oktyabrında əş-Şaraa Moskvaya səfər edib, Kremldə Rusiya prezidenti Vladimir Putinlə görüşüb.
Rusiya Suriyanın Latakiya vilayətindəki Hmeymim bazasına və Tartusdakı donanmanın maddi-texniki təminat məntəqəsinə nəzarət edir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, Suriya hakimiyyəti Rusiyanın ölkədə qalmasında maraqlıdır, ancaq bunun fərqli formatda, əsasən humanitar şəkildə olmasını istəyir.