Rusiya sülhməramlılarının yeni komandanı Azərbaycana təqdim edilib

Müdafiə naziri Rusiya sülhməramlılarının yeni komandanını qəbul edib

Sentyabrın 12-də Rusiya Quru Qoşunlarının komandanı Oleq Salyukov bu ölkənin sülhməramlı kontingentinin yeni komandanı general-mayor Kirill Kulakovu Azərbaycan müdafiə naziri Zakir Həsənova təqdim edib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Məlumata görə, Qarabağda əməliyyat şəraiti barədə danışan Z.Həsənov son zamanlarda erməni silahlı dəstələri tərəfindən törədilən təxribatların sayının artdığını xüsusi vurğulayıb.

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandirinin bu ayın əvvəlində dəyişdiyi açıqlanmışdı. K.Kulakov bu vəzifədə 2023-cü ilin aprelində təyin olunmuş Aleksandr Lentsovu əvəzləyib.

K.Kulakov 2017-ci ilin martından Kazan Ali Hərbi Komandanlıq Məktəbinə rəhbərlik edir. 2010-cu illərin ortalarında o, tank və motoatıcı briqadalara komandirlik edib.

Xatırlatma

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib. Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Onların müddətinin ilkin mərhələdə 5 il olduğu bildirilir.