İslam Dövləti (İD) silahlı qruplaşması Rusiyanın Kabildəki səfirliyi yaxınlığında azı 6 nəfərin, o cümlədən səfirliyin iki əməkdaşının ölümünə səbəb olan partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.
Silahlı qruplaşmanın sentyabrın 5-də “Telegram”da verdiyi bəyanatda deyilir ki, İD silahlısı Əfqanıstanın paytaxtında səfirlik binası yaxınlığında Rusiya işçilərinin də qatıldığı tədbirdə iclasda kamikadze jiletini partladıb.
Kabil polisinin sözçüsü Xalid Zadran Radio Azadi-yə bildirib ki, konsulluq xidməti qarşısında növbədə durmuş 4 əfqan ölüb, 10-dan çoxu yaralanıb.
***
Rusiyanın Əfqanıstan paytaxtı Kabildəki səfirliyi yaxınlığında intiharçı hücumunda səfirliyin iki əməkdaşı öldürülüb.
Partlayışa görə məsuliyyəti götürən olmayıb.
Partlayış səfirliyin konsulluq bölməsinin yaxınlığında baş verib. Ölənlərin biri diplomat, digəri təhlükəsizlik işçisidir.
Yaralılar arasında əfqanlar var.
Buna da bax:
Mirzoyanla Lavrov Minsk qrupundan, sülhməramlılardan danışıblarKremlin sözçüsü Dmitri Peskov insidenti “terror hücumu” adlandırıb.
“Reuters” iki nəfərin öldürüldüyünü, 11 nəfərin yaralandığını xəbər verir. İntiharçı da güllələnərək öldürülüb.
Ötən ilin avqustunda Əfqanıstanda Taliban silahlı qruplaşması hakimiyyəti ələ keçirib. Rusiya bu ölkədə səfirliyini açıq saxlayan azsaylı ölkələrdəndir. Rusiya daxil olmaqla beynəlxalq ictimaiyyət Taliban hakimiyyətini tanımayıb.
***
Sentyabrın 5-də Əfqanıstanın paytaxtı Kabildə Rusiya səfirliyi yaxınlığında güclü partlayış baş verib.
Yerli mediada hadisə yerinə gələn təcili yardım maşınlarının görüntüləri yayımlanıb.
Polisdən “Reuters” agentliyinə deyilib ki, intiharçı mühafizəçilər tərəfindən atəşə tutularkən partlayıcılar işə düşüb, o, hədəfinə çata bilməyib.
Zabit Mövlavi Sabir xəbər agentliyinə açıqlamasında hələlik, itkilər haqda məlumat olmadığını, hücum edən şəxsin güllələndiyini qeyd edib.
Rusiyanın dövlət agentliyi RİA Novosti xəbər verir ki, hadisə Rusiyaya viza almaq üçün gözləyən əfqanların uzun növbəsinin yaxınlığında baş verib. Agentlik yerli xəbərlərə istinadən 15 və ya 20 nəfərin öldüyünü və ya yaralandığını bildirib.