Rusiyanın Müdafiə Nazirliyi (MN) səfərbərlərin xidməti müddətini bir illə məhdudlaşdırmaqdan imtina edib, hərbi xidmətə çağırılanların müharibənin sonunadək xidmət edəcəyini bildirib. Qurum Sankt-Peterburq qanunverici məclisinin deputatı Boris Vişnevskinin sorğusuna belə cavab verib.
Vişnevski belə bir sorğunu səfərbər olunanların xanımlarının kollektiv müraciətindən sonra göndərib. Onlar qanunvericiliyə dəyişiklik edilməsini, səfərbərlik müddətinin bir il olmasını xahiş ediblər.
Nazirlik cavabında bildirib ki, "səfərbər olunan vətəndaşların hərbi xidmət müddəti qismən səfərbərlik bitəndə, prezidentin fərmanına əsasən başa çatır".
MN səfərbərlik müddətinin məhdudlaşdırılmasının məqsədəuyğun olmadığını bildirib.
Qismən səfərbərlik başa çatsa da...
Müdafiə naziri Sergey Şoyqu bir neçə gün öncə deyib ki, dekabrın 1-dən nazirlik prezident Vladimir Putinin ordunun sayını bir milyon 320 min nəfərə çatdırmaqla bağlı tapşırığının icrasına başlayıb. O, gələcəkdə hərbi qulluqçuların sayının milyon yarıma çatdırılacağını bildirib.
Rusiyada Ukrayna müharibəsi ilə əlaqədar qismən səfərbərlik 2022-ci ilin sentyabrında başlanıb. Putin oktyabrın sonunda onun tamamlandığını açıqlasa da, bu barədə fərman imzalamayıb, bunun gərəkmədiyini deyib. Hüquq müdafiəçiləri isə deyirlər ki, fərmanın olmaması hakimiyyətə səfərbərləri xidmətdən buraxmamağa imkan verir.
Dövlət Dumasının Müdafiə komitəsinin sədri Andrey Kartapolov sentyabrda deyirdi ki, səfərbərlər rotasiya olunmayacaqlar. Bu isə onların müharibə bitənədək döyüş zonasında qalmaq öhdəliyinin olması deməkdir. Bu, səfərbərlərin qohumları və yaxınlarının kəskin etirazına səbəb olub. Onlar hakimiyyəti hərbçiləri cəbhədən qaytarmağa çağırırdılar.
Hərbçi yaxınlarının etirazı
Hərbçilərin həyat yoldaşları və anaları çoxsaylı petisiyalar yaradır, prezident Putinə məktublar yazır, səfərbər olunan hərbi qulluqçuları rotasiya etməyə çağırırlar.
Hərbçi yaxınları səfərbərlərə münasibətin ədalətsiz olduğunu deyirlər. Onlar koloniyalardan cəlb olunmuş məhkumların döyüş zonasında yarım il qalandan sonra evə buraxıldığını əsas gətirirlər.
V.Putin dekabrın 14-də birbaşa sual-cavab sessiyasında deyib ki, 2022-ci ildə qismən səfərbərlik çərçivəsində 318 min nəfər orduya cəlb olunub.