Rusiya Ali Məhkəməsi mövcud olmayan "Beynəlxalq Satanizm Hərəkatı"nı ekstremist təşkilat kimi tanıyıb və onun ölkə ərazisində fəaliyyətini qadağan edib. Bu barədə "SOTAvision" məlumat yayıb.
Rusiya Baş Prokurorluğu və Ədliyyə Nazirliyi belə bir tələblə məhkəməyə müraciət edib. Hakim Oleq Nefedov işə iki gün ərzində baxıb. O, daha əvvəl Rusiyada mövcud olmayan "Beynəlxalq LGBT İctimai Hərəkatı"nın qadağan edilməsi və "Taliban"nın terror təşkilatlarının siyahısından çıxarılması barədə qərarlar verib.
2024-cü ilin iyulunda Rusiya Dövlət Dumasında deputatlar, din xadimləri və dövlət təbliğatçıları satanizmlə mübarizə mövzusunu müzakirə ediblər. Onlar satanistlər kateqoriyasına LGBT üzvlərini, uşaq sahibi olmamağı seçənləri, qadınların abort hüququnu müdafiə edənləri, hətta Çeburaşkanı da daxil ediblər.
2025-ci ilin yanvarında Patriarx Kirill ilk dəfə olaraq "Satanistlərin beynəlxalq hərəkatı"ndan bəhs edib və Rusiyada satanizmin qadağan edilməsi təşəbbüsünü dəstəklədiyini bildirib. "Satanistlərin beynəlxalq hərəkatına daxil olan müxtəlif şeytani təriqətlərin hələ də ölkəmizdə sərbəst şəkildə öz ayinlərini həyata keçirməsi, gəncləri öz sıralarına cəlb etməsi, sosial şəbəkələrdə öz qrup və icmalarını açıq şəkildə qeydiyyata alması qəbuledilməzdir", – Rusiya Pravoslav Kilsəsinin rəhbəri bəyan edib.