Rusiya amerikalı Robert Qilmanı azadlığa buraxıb

Robert Qilman Voronej məhkəməsində

Rusiya hakimiyyəti son vaxtlar səhhəti kəskin pisləşən keçmiş ABŞ dəniz piyadası Robert Qilmanı azadlığa buraxıb.

Prezident Donald Tramp "Truth Social" platformasında Qilmanın təyyarə göyərtəsində çəkilmiş fotosunu paylaşaraq yazıb: "Robert 2022-ci ildə – Bayden administrasiyasının dövründə Rusiyada həbs olunmuşdu. Prezident Vladimir Putinlə danışıqlarımdan sonra Rusiya tərəfi onu məhz humanitar mülahizələrlə azad etməyə razılıq verdi. Biz bu qərarı və Rusiyanın əvəzində heç nə tələb etməməsini yüksək qiymətləndiririk – bu, hər hansı bir mübadilə deyil".

Son vaxtlar Voronejdəki cəzaçəkmə müəssisəsində saxlanılan Qilman oradan xəstəxanaya yerləşdirilmişdi. Ailəsi onun iyuldan bəri dissosiativ stupor (hərəkətsizlik) vəziyyətində olduğunu bildirir.

Qilman 2022-ci ilin yanvarında Rusiyada saxlanılmış və sərxoş vəziyyətdə polis əməkdaşına hücum ittihamı ilə 4 il yarım həbs cəzası almışdı (sonradan bu müddət 3 il yarıma endirilmişdi). Amma 2024-cü ilin payızında Voronej məhkəməsi onu həbsxana əməkdaşına və müstəntiqə hücum etməkdə təqsirli bilərək cəzasını – ciddi rejimli koloniyada çəkilməklə – 7 il 1 aya qaldırmışdı.

İstintaqın versiyasına görə, Qilman 2023-cü ilin payızında cəzaçəkmə müəssisəsində olarkən Rusiya İstintaq Komitəsinin müstəntiqini, həmçinin koloniya və istintaq təcridxanasının (SİZO) nəzarətçilərini döyüb. Məhkəmədə Qilman atasını söydükləri üçün zərərçəkən şəxsləri vurduğunu etiraf etmişdi. O, son sözündə məhkəməni inandırmağa çalışırdı ki, həmin vəziyyətdə başqa çarəsi olmayıb.

Hazırda Rusiya koloniyalarında 10-a yaxın ABŞ vətəndaşı saxlanılır. ABŞ dövlət katibi Marko Rubio "X" platformasındakı paylaşımında Qilmanın sərbəst buraxılmasına görə Moskvaya təşəkkür edib, amma Rusiyada hələ də haqsız yerə həbsdə saxlanılan digər ABŞ vətəndaşlarının olduğunu diqqətə çatdırıb.