Niderland onun gəmisinə Rusiyanın hücum ‘imitasiyasını’ pisləyir

Niderlandın Evertson hərbi freqatı Bosfor boğazında (Arxiv fotosu)

İnsident iyunun 24-də, ilhaq edilmiş Krım yarımadası sahillərinin yaxınlığında baş verib

Rusiya hərbçiləri Qara dənizdə Niderland gəmisinə hücumun imitasiyasını ediblər.

İnsident iyunun 24-də, ilhaq edilmiş Krım yarımadası sahillərinin yaxınlığında baş verib.

Xəbər verilir ki, Rusiyanın raket və mərmilərlə silahlanmış qırıcı və bombardmançı təyyarələri beş saat ərzində fasiləsiz olaraq Evertson freqatının yaxınlığında təhlükəli uçuşlar həyata keçiriblər.

Niderland krallığının verdiyi məlumatda deyilir ki, bundan sonra Evertson gəmisinin elektron avadanlığı sıradan çıxıb.

Niderlandın müdafiə naziri Ank Beyleveld Rusiya hərbçilərinin hərəkətlərini “məsuliyyətsiz” adlandırıb.

Nazirin sözlərinə görə, bu insident “aqressiv hərəkət” kimi qiymətləndirilməlidir.

Haaqa bilirib ki, bu insidenti Moskva ilə diplomatik səviyyədə müzakirə edəcək.

Nazir deyib ki, imitasiya neytral sularda keçirilib və gəmi həmin ərazidə tamamilə legitim əsaslarla üzürdü.

Lakin Rusiyanın Müdafiə Nazirliyi iddia edib ki, hərbi gəmi kursunu dəyişərək Kerç boğazı istiqamətində hərəkət edib.

Moskva iddia edir ki, dənizin bu hissəsi beynəlxalq hüquqa və Rusiyanın imzaladığı razılaşmalara əsasən Rusiya və Ukraynanın ərazi suları sayılır və Krımın ilhaqından sonra de fakto Rusiyanın nəzarətindədir.

Rusiya MN sözü gedən uçuşların gəmidən təhlükəsiz məsafədə keçirildiyində israr edir.

Buna da bax: Boris Conson: Britaniya gəmisi Rusiya ilə qarşıdurmada ‘düzgün hərəkət’ edib

Rusiyanın Qara dənizdə daha bir “müharibəsi”

Bundan bir gün əvvəl, iyunun 23-də Qara dənizdə Rusiya hərbçiləri və Britaniyanın Defender hərbi gəmisi arasında insident yaşanmışdı.

Gəmi Ukraynanın Odessa limanından Gürcüstanın Batumi portu istiqamətində üzsə də, Rusiya hərbçiləri onu hərbi təlimlər müddətində “qapalı” olan sulara daxil olmaqda ittiham etmişdilər.

Rusiya hərbçiləri Defender istiqamətində xəbərdarlıq atəşləri açdıqlarını bəyan etsələr də, Britaniya tərəfi bundan xəbərsiz olduğunu bildirmişdi.

Bu insidentlə bağlı mübahisəyə iyunun 30-da keçirdiyi “Birbaşa Xətt” sual-cavab seansında prezident Vladimir Putin də müdaxilə edib.

O Rusiya Müdafiə Nazirliyinin versiyasını təkrar edərək deyib ki, Britaniya gəmisi Rusiyanın ərazi sularına daxil olduğuna görə ona xəbərdarlıq atəşi açılıb.

Lakin Britaniyanın baş naziri Boris Conson Putinin bəyanatına reaksiya verərək bildirib ki, Britaniya gəmisi Krım sahillərində olub və London bu yarımadanın Rusiya tərfindən ilhaqını tanımır və bölgəni Rusiyanın yox, Ukraynanın ərazi suları hesab edir.