Mayın 29-na keçən gecə Rusiya qoşunları Qara dənizdə üç ticarət gəmisinə hücum edib. Bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Hədəflərdən biri Türkiyə şirkətinə məxsus və Vanuatu bayrağı altında üzən "ANT" gəmisi olub. Gəmi Odessadan Türkiyəyə yük aparırmış. Hücum nəticəsində gəmidə yanğın çıxıb və iki ekipaj üzvü yaralanıb.
Odessa rəhbəri Oleq Kiper dronların Vanuatu, Komor adaları və Panama bayraqlı üç gəmiyə zərbə vurduğunu bildirib. Hücum səbəbindən vilayətin cənubunda 4 min abonent işıqsız qalıb.
Zaporojye vilayətində dörd yaşayış binasına ziyan dəyib və üç nəfər yaralanıb. Çerniqov vilayətində isə dron zərbəsi kənd məktəbini tamamilə yandırıb.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, gecə ölkəyə 232 dron və bir "İskəndər-M" raketi atılıb. Dronlardan 217-si məhv edilib.