Rusiyada qadınları Ukraynada döyüşən həmlə qruplarına cəlb edirlər

İllüstrativ foto

Rusiyada futbol xuliqanları tərəfindən təşkil olunmuş “Espanyola” birləşməsi özünün Ukraynada döyüşən həmlə dəstələrinə qadınları cəlb edir.

“Vajnıye istorii” saytı yazır ki, “Espanyola” Rusiya Müdafiə Nazirliyinin nəzarətində olan Redut özəl hərbi şirkətinə daxildir.

Batalyonun teleqram kanalında noyabrın 17-də dərc edilmiş məlumatda deyilir:

“”Espanyola” batalyonundakı qızlara özlərini təkcə snayper işində deyil, həm də həmlə dəstələrində, tibb, rabitə, habelə radioelektron mübarizə və PUA-lar sahəsində sınamaq imkanı verilir”.

Bu məlumatda habelə birləşmənin qadın üzvlərindən birinin təltif olunmasından söhbət açılır.

Deyilir ki, “Qroza” ləqəbli döyüşçü Ukraynada, o cümlədən Baxmut ətrafında keçirilən əməliyyatlarda “xüsusi kəşfiyyat qrupunda” nişançı kimi iştirak edib.

Buna da bax: Rusiyada miqrantlar məscidlərdə, depolarda reydlərə məruz qalır

Həlak olanın ailəsinə 56 min dollar

“Vajnıye istorii” saytının qadın jurnalisti “Espanyola” batalyonun teleqram kanalının administratorlarına namizəd adı ilə zəng edib.

Ona deyiblər ki, birinci müqavilə 6 ay müddətinə bağlanır. Bunun ilk bir-iki ayı hazırlıqdır. Bu dövrdə qadınlara 110-120 min rubl (1240-1350 dollar), hərbi əməliyyat zonasəında isə bundan iki dəfə artıq pul ödənir.

Birinci müqavilə imzalanarkən birdəfəlik 50 min rubl ödəniş edilir.

Könüllü qadının yaralandığı təqdirdə ona 1-3 milyoin rubl (11,200-34,000 dollar) ödənir. Qadın döyüşçü həlak olarsa, ailəsinə 5 milyon rubl (56 min dollar) ödəniş edilir.

Buna da bax: 'İnana bilmirəm'- Oğlunun Ukraynada döyüşmədiyindən döyülüb öldürülməsindən şübhələnir

Məhbus qadınlar

Administrator deyib ki, arzu edənlər Redut özəl hərbi şirkəti ilə müqavilə bağlayırlar. Bu, xidmətin müddətli olmasına imkan yaradır:

“Müdafiə Nazirliyinin müqavilələrin xüsusi hərbi əməliyyatın (Rusiya hakimiyyəti Ukraynada müharibəni belə adlandırır-red) sonunadək qüvvədə olmasına dair qaydası bizə şamil olunmur”.

"Vajnıye istorii” bundan əvvəl yazmışdı ki, qadınları habelə Redutun başqa bir batalyonu olan “Borz”a dron operatorları və snayperlər kimi cəlb edirlər.

"Русь сидящая" layihəsinin təsisçisi, jurnalist və insan haqları müdafiəçisi Olqa Romanova bundan əvvəl bildirmişdi ki, Ukrayna müharibəsinə həm də koloniyalardakı məhbus qadınları səfərbər edirlər.

Onun sözlərinə görə son vaxtlaradək fəal cəlbetmə Ukraynanın işğal olunmuş ərazilərində keçirilirdi.

Məsələn Donetsk vilayətinin Snejnoye şəhərindəki koloniyadan müharibəyə 50-dək məhbus qadın cəlb edilmişdi. Daha 100-dək məhbus qadını Rusiyanın cənubundakı koloniyalardan səfərbər etmişdilər.