Ukraynanın işğalı başlayandan Rusiyada ilk parlament seçkiləri keçirilir

Ukraynanın beş regionunun Rusiyanın nəzarətində olan hissələrində seçki məntəqələri qurulub.

2022-ci ildə Ukraynanın tammiqyaslı işğalı başlayandan bəri Rusiyada Dövlət Dumasına ilk seçkilər keçirilir. 18-20 sentyabr tarixlərində keçirilən seçki artıq Sakit okean sahilindəki Kamçatka regionunda start götürüb.

Parlamentin 450-yerlik aşağı palatasının yeni tərkibi ilə bağlı rəsmi nəticələr sentyabrın 22-dək açıqlanacaq.

Kremlə bağlı olan, həm Dövlət Dumasında, həm də ölkə üzrə qanunverici orqanlarda və regional hökumətlərdə üstünlük təşkil edən "Vahid Rusiya" Partiyasının çoxluğunu qoruyacağı, yaxud artıracağı proqnozlaşdırılır.

Azı 25 il əvvəl hakimiyyətə gələn prezident Vladimir Putin fərqli fikirləri tədricən boğub, siyasi rəqiblərini sıxışdırıb, seçkilərlə manipulyasiya edib.

Müharibəyə qarşı çıxan yeganə tanınmış siyasi partiya səsvermədən bir neçə həftə əvvəl seçki prosesindən kənarlaşdırılıb.

Putin: "Vahid xalqıq"

Putin rusiyalıları səs verməyə çağırıb, seçkiləri müharibəyə dəstəyin göstəricisi adlandırıb. Qərbin hesablamalarına görə, münaqişə zamanı 1.5 milyondan çox rusiyalı hərbçi həlak olub və ya yaralanıb.

"Seçiminiz və iradəniz bir daha göstərəcək ki, milyonlarla insan əsgərlərimizin arxasındadır. Biz ortaq dəyərlər, tarixi yaddaş və Vətənə məhəbbətin birləşdirdiyi vahid xalqıq. Heç kim bizi parçalamağa, qorxutmağa, suverenliyimizi və ya ictimai-siyasi sistemimizi sarsıtmağa nail olmayacaq", – Putin sentyabrın 16-da deyib.

İşğalçı orqanlar Moskvanın öz ərazisi elan etdiyi Ukraynanın beş regionunun Rusiyanın nəzarətində olan hissələrində seçki məntəqələri qurublar. Kiyev bu addımı pisləyib.

Repressiv siyasət səbəbindən Rusiyada ictimai rəy sorğuları aparmaq çətin olsa da, bir neçə sorğu Putinin və "Vahid Rusiya" Partiyasının populyarlığının azaldığını göstərib.

Putin 2024-cü ildə yenidən prezident seçilib. Həmin səsvermədə saxtakarlıq əlamətləri ilə müşahidə olunub.

Ukraynadakı işğalçı müharibənin nəticələri

Getdikcə daha çox rusiyalı Ukraynadakı münaqişənin uzanmasından narazıdır. Rusiyanın ümumi itkiləri Moskvanın 1945-ci ildən, İkinci Dünya müharibəsi bitəndən bəri apardığı bütün müharibələrdə verdiyi itkilərin cəmindən çoxdur.

Rusiyalılar Putinin 2022-ci ilin sentyabrında verdiyi qərara bənzər yeni səfərbərlik ehtimalından da narahatdırlar. Həmin səfərbərlikdə əsasən ehtiyatda olan 300 min kişi orduya çağrılmış, bu isə yüz minlərlə insanın ölkəni tərk etməsinə səbəb olmuşdu.

Ölkədə iqtisadi artım kəskin zəifləyib. Bundan əvvəl əsgərlərin maaşları, ölən hərbçilərin ailələrinə verilən ödənişlər, silah və hərbi texnikaya yatırımlar da daxil olmaqla, hökumətin müharibə ilə bağlı xərcləri sürətli iqtisadi artımı təmin etmişdi.

Mərkəzi Bank gözləntiləri aşan inflyasiyanı cilovlamaqda çətinlik çəkir.

Ukraynanın genişmiqyaslı dron və raket hücumları isə ölkə boyunca yanacaq qıtlığına səbəb olub, Rusiyanın ən böyük onlayn pərakəndə satış şirkətlərinin fəaliyyətini pozub.