Rusiyada özəl mühafizə qurumlarına döyüş silahı gəzdirməyə icazə verilir

Antidron baqqisi

Rusiya prezidenti Vladimir Putin özəl mühafizə təşkilatlarının əməkdaşlarına döyüş silahı daşımağa icazə verən qanunu imzalayıb. Məqsəd mühafizə olunan obyektləri dronlardan qorumaqdır.

Sənəddə deyilir ki, mühafizəçilər kritik əhəmiyyətli obyektlər siyahısında olan yerlərdə dronların qarşısını kəsmək üçün döyüş silahından istifadə edə bilərlər.

Silahı yalnız strateji müəssisələr və dövlət şirkətlərinin təsis etdiyi təşkilatların əməkdaşları gəzdirə biləcəklər. Bu təşkilatlar "xüsusi hərbi əməliyyat" müddətində silahı "Rosqvardiya"dan ala biləcəklər. Rusiya hakimiyyəti Ukraynada beşinci ildir apardığı təcavüzkar müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır.

Bundan öncə Dövlət Dumasının Təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Vasili Piskaryov demişdi ki, yanacaq-energetika kompleksinə aid obyektlərin 80 faizindən çoxunu özəl mühafizə təşkilatları qoruyur.

"Ancaq qanunla onların yalnız xidməti silahdan istifadə icazəsi var, çox vaxt bu, dronların və digər (sualtı, suüstü, quru) pilotsuz vasitələrin hücumunu tez və effektli dəf etməyə yetmir", – deputat bildirib.