Rusiya bayrağı təsvir olunan ayaqaltıya görə Nijni Novqorod vilayətinin Bor şəhərində reyd zamanı saxlanılan Özbəkistan vətəndaşı Sevara Musayeva ölkəsinə deportasiya ediləcək. Məlumatı Özbəkistanın Miqrasiya Agentliyi yayıb.
Hüquq-mühafizə orqanlarının reydlə bağlı yaydığı videonu ultrasağçı "Mnoqonatsional" Telegram kanalı da paylaşıb. Musayeva həmin videoda ayaqaltını reyddən bir gün əvvəl zibil qutusunun yanında tapdığını və onu sadəcə yuyub təmizləmək istədiyini bildirib.
Onun barəsində Rusiya Cinayət Məcəlləsinin 329-cu (Rusiya Federasiyasının Dövlət bayrağını təhqir etmə) maddəsi ilə cinayət işinin açılması məsələsinə baxılırdı.
Özbəkistan Nazirlər Kabineti yanında Miqrasiya Agentliyi Musayevaya konsulluq və hüquqi yardım göstərildiyini açıqlayıb. Miqrasiya Fondunun vəsaiti hesabına onun üçün aviabilet alınıb və avqustun 6-da Özbəkistana qayıtması planlaşdırılır.
Rusiya Federal Məhkəmə İcraçıları Xidmətinin regional idarəsinin məlumatına görə, 2026-cı ilin ilk altı ayında vilayətdən 1035 xarici ölkə vətəndaşı çıxarılıb. Qurumdan bildirilib ki, həmin şəxslərin Rusiyada qanuni yaşamaq və işləmək hüququ verən sənədləri olmayıb.