'Kommersant': Rusiyada rezervistlərin kütləvi toplanışı başlayıb

Səfərbər olunmuş ehtiyatda olan hərbçilər döyüş təlimində

Rusiyanın bir çox bölgəsində ehtiyatda olan könüllülərin (rezervistlərin) kütləvi cəlbinə başlanıb. "Kommersant" onların kritik əhəmiyyətli obyektlərin mühafizəsinə cəlb olunacağını yazır. Kampaniya azı 20 vilayətdə aparılır.

Rusiyada bu yaxınlarda qəbul edilən qanun rezervistlərin xüsusi toplanışlara cəlbinə, yalnız hərbi dövrdə deyil, dinc dövrdə də obyektlərin mühafizəsində istifadəsinə icazə verir. Rusiyada indiki dövr formal olaraq "dinc" sayılır, çünki Ukraynada təcavüzkar müharibə rəsmən "xüsusi hərbi əməliyyat" adlandırılır.

Toplanış dövründə rezervistlərə hərbçi statusu, müvafiq güzəştlər və təminatlar veriləcək. Onların, əsasən, dronlara qarşı mübarizəyə cəlb olunacağı bildirilir.

5 noyabr

Putin ilboyu hərbi çağırışı təsdiqləyib

Rusiya prezidenti Vladimir Putin vətəndaşların hərbi xidmətə çağırışı qaydasını dəyişən qanunları imzalayıb.

Birinci qanuna əsasən, 2026-cı il yanvarın 1-dən çağırış bütün təqvim ili boyunca, yəni yanvarın 1-dən dekabrın 31-dək keçiriləcək. Hərbi komissarlıqlar ilboyu çağırış vərəqələri göndərə, tibbi müayinələr və çağırış komissiyalarının iclaslarını keçirə biləcəklər.

Çağırışçıların xidmət yerinə göndərilməsi isə əvvəlki kimi olacaq: 1 aprel – 15 iyul və 1 oktyabr – 31 dekabr arası. Qanuna görə, elektron çağırış vərəqəsində göstərilən gəlmə tarixi vərəqənin reyestrdə yerləşdirilməsindən sonra 30 günü keçməməlidir.

Prezidentin imzaladığı ikinci qanun isə ehtiyatda olan vətəndaşların dinc dövrdə də müəyyən tapşırıqları yerinə yetirməsinə icazə verir. Bu, ehtiyatda olmaq barədə könüllü kontrakt bağlayan vətəndaşlara aiddir. Rusiya Müdafiə Nazirliyi onları "əhəmiyyətli obyektlərin və digər həyati vacib infrastrukturun qorunması məqsədilə" xüsusi toplanışlara göndərmək hüququ əldə edir.

Dövlət Duması bu qanunu oktyabrın 28-də qəbul edib.

Ukraynaya qarşı genişmiqyaslı müharibə başlayandan Rusiya rəsmi olaraq nə hərbi vəziyyət, nə də ümumi səfərbərlik elan edib. 2022-ci ilin payızında "qismən səfərbərlik" həyata keçirilib, ordunun əsas hissəsi isə "könüllülər" hesabına formalaşdırılıb.

"Vətəndaş və ordu" hüquq müdafiə qrupunun direktoru Sergey Krivenko "Current Time"a deyib ki, söhbət Müdafiə Nazirliyi ilə ehtiyatda olma barədə müqavilə imzalayan şəxslərdən gedir: "Amma bu kontrakt onların üzərinə müharibəyə getmək öhdəliyi qoymur. Müharibədən öncəki şərtlərə görə, rezervist yalnız döyüş hazırlığını təkmilləşdirmək, vaxtaşırı toplanışlara getmək öhdəliyini götürürdü. Bunun qarşılığında Müdafiə Nazirliyindən az miqdarda pul alırdı".