Başqırdıstanda 'Qazprom'un zavoduna yenə dron hücumu olub

"Qazprom neftexim Salavat" zavodunda yanğın.

Başqırdıstanda "Qazprom neftexim Salavat" zavoduna dron hücumu yanğına səbəb olub. Məlumatı respublika başçısı Radiy Xabirov yayıb.

"Dəyən ziyanın dərəcəsini aydınlaşdırırıq. Bütün təcili xidmətlər hadisə yerindədir, yanğının söndürülməsi üçün tədbirlər görürük", – o, Telegram kanalında yazıb.

Şəhərdə partlayış səslərini sakinlər də eşidib. Rusiya və Ukraynanın Telegram kanalları yanğının əks olunduğu bildirilən şəkil və videolarını paylaşırlar.

"Qazprom neftexim Salavat" Başqırdıstanın cənubundakı ən böyük neft emalı kompleksidir. Karbohidrogen xammalının tam emalını həyata keçirir, 150-dən çox məhsul istehsal edir. Buraya benzin, dizel yanacağı, mazut və polietilen daxildir.

Zavoda sentyabrın 18-də də dron hücumu olmuş, böyük yanğın baş vermişdi.

Ukrayna Təhlükəsizlik Xidmətindəki (SBU) mənbə AzadlıqRadiosunun Ukrayna xidmətinə hücumu onların dronlarının etdiyini təsdiqləyib. Mənbəyə görə, zərbə Salavat regionunda yanğın törədib.

Ukraynanın hücumları fonunda, Rusiyada bəzi yanacaq növləri qıtlaşır. Bu isə emal gücünün azalması ilə əlaqələndirilir.

Novorossiysk və Volqoqrada hücumlar

Rusiyanın Qara dəniz sahilində cənub Novorossiysk liman şəhərinə isə hava və dəniz dronları zərbə endirib. Yerli Telegram kanallarında ziyan dəymiş otel və dayanacaqda yanan avtomobillərin görüntüləri yayılıb.

Region qubernatoru Veniamin Kondratyev iki nəfərin öldüyünü, üç nəfərin yaralandığını bildirib. Onun sözlərinə görə, yaşayış binalarına, otelə ziyan dəyib.

Ukrayna ordusu bu hücumla bağlı şərh verməyib.

Rusiyanın Volqoqrad vilayətində də yanacaq və enerji infrastrukturuna “kütləvi” dron hücumunun olduğu, Rusiya hava hücumundan müdafiə qüvvələrinin onu dəf etdiyi bildirilir.

Rusiya isə gecə saatlarında Ukraynaya hücumlarını davam etdirib. Ukrayna rəsmiləri Xarkov, Zaporojye və Donetsk bölgələrində enerji və mülki infrastrukturuna ziyan dəydiyini açıqlayıblar.

Ukraynanın ikinci ən böyük şəhəri Xarkovun meri İqor Terexov bildirib ki, şəhərin enerji obyektinə Rusiyaya məxsus onlarla kamikadze dronu hücum edib. Zərbə nəticəsində Xolodnohirski rayonunda işıqlar sönüb, təxminən 80 min yaşayış və ticarət abunəçisi müvəqqəti olaraq işıqsız qalıb.