Rusiya neft məhsullarına qiymət həddi bu gündən qüvvəyə minir

Neft mancanağı, arxiv foto

G7 ölkələri, Avropa İttifaqı və Avstraliya Rusiya neft məhsulları üçün qiymət həddi ilə bağlı razılığa gəliblər. Qiymət həddi fevralın 5-də qüvvəyə minəcək.

Birinci qiymət həddi xam neftin bir barrelinə 100 dollar (dizel yanacağı, benzin), ikinci qiymət həddi endirimlə satılan neft məhsullarına (mazut) 45 dollar müəyyən edilib.

Rusiya neft məhsullarına yuxarı qiymət həddinin tətbiq olunması Ukraynada müharibə aparan Moskvanın gəlirlərinin azaldılmasına hesablanıb.

***

Yeddilik ölkələri (G7 )Avropa İttifaqına Rusiya neft məhsullarının bir barrelinə son qiymət hədinin 110 dollar müəyyən edilməsi ilə bağlı təklif veriblər.

(G7-yə daxil olan ölkələr ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya)

G7 rəsmi nümayəndəsinə istinadla Bloomberq yekun qiymət həddinin 100 dollar götürüləcəyini yazır.

Rusiyanın Ukraynaya hərbi təcavüzünə cavab olaraq tətbiq edilən sanksiyalar çərçivəsində 2023-cü il fevralın 5-dən Rusiya neft məhsulları üçün dünyada iki qiymət həddi fəaliyyətə başlayacaq.

Buna da bax: Rusiya nefti yarı bazar qiymətinə satılır

Bunlardan biri, xam neftlə müqayisədə yüksək qiymətə satılan neft məhsulları (dizel yanacağı, benzin), digəri isə adətən endirimlə satılan məhsullar (mazut) üçündür.

Avropa Komissiyası birincini bir barel üçün 100 dollar, ikincini isə 45 dollar səviyyəsində təyin etməyi planlaşdırır.

Qiymət həddi o deməkdir ki, G7 ölkələri və Avropa İttifaqı Rusiya neft məhsulları ilə bağlı sığorta və maliyyə xidmətlərini yalnız təyin olunan hədd qiymətinə və ya ondan aşağı qiymətə alındıqda təmin edəcək.

2022-ci ilin dekabrında dəniz yolu ilə ixrac edilən Rusiya nefti üçün qiymət həddi 60 dollar/barel səviyyəsində qüvvəyə minib.

Buna cavab olaraq Rusiya prezidenti Vladimir Putin Rusiya neftinin və neft məhsullarının qiymət həddinə razılaşan ölkələrə satışını qadağan edib.

Buna da bax: Rusiya neft məhsullarına iki qiymət həddi tətbiq ediləcək

Neft məhsullarına tətbiq edilən qiymət həddi Ukraynaya hərbi təcavüz edən Rusiyanın müharibəni davam etdirməyə lazım olan resurslarının azldılmasına hesablanıb.

Qiymət həddinin müəyyən olunması həm də tədarükün kəsilməsinin və dünya qiymətlərinin sürətlə artmasının qarşısını almağa yönəlib.