Rusiya Ukrayna ilə müharibə başlayandan neftin ixracından daha çox gəlir əldə edir, Yaxın Şərqdəki müharibədən qazanır. "Bloomberg" bunun neftin bahalanması və sanksiyaların zəiflədilməsi ilə bağlı olduğunu yazır.
Son üç həftədə Rusiyanın neft ixracından gündəlik gəlirləri iki dəfə artıb - 135 milyon dollardan 270 milyon dollara qalxıb. Agentlik bunun Yaxın Şərqdəki münaqişə, Hörmüz boğazının bağlanması və sanksiyaların yumşaldılması ilə bağlı olduğunu yazır. Martın 13-də ABŞ martın 12-dək tankerlərə vurulmuş Rusiya xam nefti və neft məhsullarının satışına icazə verib.
"Bloomberg" qeyd edir ki, Hindistanın neftayırma zavodları apreldə çatdırılma üçün Rusiyadan 60 milyon barelə yaxın neft alıb. Onlar dekabrda bəri sanksiyalara görə birbaşa tədarükdən çəkinirdilər.
"S&P Global Commodities at Sea" təhlilçilərinin hesablamasına görə, martda Rusiyadan Hindistana neft tədarükü 27 faiz, sutkada 1.4 milyon barelədək artıb.
ABŞ-nin maliyyə naziri Skot Bessent isə daha öncə bildirmişdi ki, sanksiyaların zəiflədilməsi Moskvanın neft satışından gəlirlərini artırmayacaq, əksinə azaldacaq. Onun dediyinə görə, Rusiyanın əlavə gəliri 2 milyard dolları aşmayacaq, bu isə "Rusiya büdcəsinin dibi deməkdir".