Rusiyanı tərk edib qiyabi məhkum olunanlar üçün xüsusi reyestr yaradılır

Rusiya pasportu

Rusiya Ədliyyə Nazirliyi xaricdə yaşayan və barələrində məhdudlaşdırıcı tədbirlər görülən vətəndaşların reyestrini yaratmağı planlaşdırır. Söhbət ölkənin Cinayət Məcəlləsinin istənilən maddəsi, yaxud "ordunun nüfuzdan salınması" kimi siyasi xarakterli inzibati maddələr üzrə qiyabi məhkum edilənlərdən gedir. Bunu Rusiyanın ədliyyə nazirinin müavini Oleq Sviridenko bildirib.

Nazir müavininin sözlərinə görə, reyestr Ədliyyə Nazirliyinin saytında yerləşdiriləcək və "xarici agentlər" reyestri kimi hər kəs üçün əlçatan olacaq.

Ədliyyə Nazirliyi vətəndaşa qarşı məhdudlaşdırıcı tədbirləri Daxili İşlər Nazirliyi, Federal Təhlükəsizlik Xidməti (FSB), Məhkəmə İcraçıları Xidməti, Federal Vergi Xidməti və ya Baş Prokurorluğun təklifi əsasında tətbiq edə bilər.

"Rusiya Federasiyasının hüdudlarından kənarda olan və cəzanın icrasından yayınan şəxslərə qarşı müvəqqəti məhdudlaşdırıcı tədbirlər haqqında" federal qanun avqustun 4-də qüvvəyə minib. Sosial şəbəkələrdə bu qanuna "vətəndaş ölümü haqqında qanun" adı verilib.

Qanun xaricdə yaşayan və qiyabi olaraq inzibati cəza almış Rusiya vətəndaşlarının hüquqlarını məhdudlaşdırır. Söhbət Rusiyada "xarici agent" sayılanların öhdəliklərini yerinə yetirməməsi, "ordunun nüfuzdan salınması", ölkəyə qarşı sanksiyalara çağırış və ya "arzuolunmaz" təşkilatların fəaliyyətində iştirak kimi maddələrlə təqsirli bilinənlərdən gedir. Eyni məhdudiyyətlər Cinayət Məcəlləsinin istənilən maddəsi ilə qiyabi məhkum edilmiş şəxslərə də şamil olunur.

Cəzalarını çəkmək üçün Rusiyaya qayıtmaq istəməyənlərə müddəti bitmiş xarici pasportlarını yeniləmək, Rusiyanın konsulluqlarında etibarnamələri təsdiqlətmək, həmçinin Rusiyadakı pul və əmlaklarından istifadə etmək, məsələn, daşınmaz əmlaklarını satmaq və ya bağışlamaq qadağan edilir.

Onların sürücülük vəsiqələri ləğv olunur. Bu şəxslər Rusiyada fərdi sahibkar kimi qeydiyyatdan keçə və banklardan kredit götürə bilməzlər. Onlar elektron dövlət xidmətlərindən və istənilən notariat xidmətindən istifadə hüququndan məhrum edilirlər. Həmçinin özləri və ya etibarnamə verdikləri şəxslər vasitəsilə əqdlər bağlaya bilməzlər.

Məhdudlaşdırıcı tədbirlər, ilk növbədə, Rusiyanı Ukraynaya qarşı müharibəyə və hakimiyyətin daxili repressiv siyasətinə etiraz əlaməti olaraq tərk etmiş vətəndaşlara qarşı yönəlib.