Moskvada məhkəmə keçmiş nazir Mixail Abızovu cəzasını sərt rejimli həbsxanada çəkməklə 12 illik həbsə məhkum edib. O, mütəşəkkil cinayətkar dəstənin tərkibində oğurluqda təqsirli bilinib.
Abızov keçmiş baş nazir Dmitri Medvedevin dövründə, 2012-2018-ci illərdə "açıq hökumət" məsələləri üzrə nazir işləyib.
Nazir olmazdan əvvəl iri enerji və dağ-mədən şirkətlərində rəhbər vəzifələrdə çalışıb, "Rusiya Vahid Enerji Sistemi" Səhmdar Cəmiyyətinin idarə heyətinin üzvü olub.
O, 2019-cu ilin martında Moskvanın "Vnukovo" aeroportunda FSB əməkdaşları tərəfindən saxlanıb. O zaman İtaliyada yaşayan Abızov Rusiyaya ad gününü keçirməyə getmişdi.
İttihamlar
Müstəntiqlərin fikrincə, Abızov bir sıra uydurma sövdələşmələrə girib, enerji şirkətlərinin, ilk növbədə, "Sibeko" və "Regional Elektrik Şəbəkələri"nin səhmlərini şişirdilmiş qiymətlərlə alıb, əldə etdiyi gəliri ofşor şirkətlər vasitəsilə xarici valyutaya çevirib. İstintaqın gedişində ona qarşı yeni cinayət işləri açılıb.
Abızov bütün ittihamları rədd edir, ittihamnaməni "Cinayət Məcəlləsi mövzusunda qanunsuz esse" adlandırıb.
"Forbes" jurnalı Abızovu həbsindən qabaq Rusiyanın ən zənginləri siyahısına salıb, onun sərvətini 600 milyon dollar qiymətləndirirdi.