Rusiyanın 8 regionunda miqrantlara taksi qadağası gəlir

Taksi

Rusiya hakimiyyəti gələn ildən 8 regionda əmək miqrantlarının taksi sürməsini qadağan etməyi planlaşdırır. Daha bir regionda isə əcnəbilərin kuryer kimi çalışması yasaqlanacaq. "Vedomosti" qəzeti yazır ki, bu məhdudiyyətlər Rusiyada patentlə işləyən Tacikistan və Özbəkistan vətəndaşlarına da şamil oluna bilər.

Hökumətin qərar layihəsinə görə, taksi sürmək Mordoviya, Çuvaşiya, Tatarıstan və Udmurtiya respublikalarında, Sverdlovsk, Orenburq və Ulyanovsk vilayətlərində, eləcə də Yəhudi Muxtar Vilayətində qadağan olunacaq.

Kaluqa vilayətində isə əcnəbilərin kuryer kimi çalışmasına qadağa qoyulması təklif olunur.

Layihəni Rusiyanın Əmək Nazirliyi hazırlayıb, oktyabrın sonunda isə Rusiya Üçtərəfli Komissiyası təsdiqləyib. Növbəti mərhələdə qərarı baş nazir Mixail Mişustin imzalamalıdır.

"Azattyq Asia" yazır ki, yeni məhdudiyyətlər Tacikistan və Özbəkistan vətəndaşlarına da aid edilə bilər. Hər iki ölkə ilə Rusiya arasında vizasız gediş-gəliş rejimi olsa da, onların vətəndaşları Rusiyada işləmək üçün patent almalıdırlar.

Bununla yanaşı, qadağalar Avrasiya İqtisadi İttifaqına üzv olan ölkələrin – Qırğızıstan, Qazaxıstan, Ermənistan və Belarusun vətəndaşlarına aid deyil. Rusiyada müvəqqəti yaşama icazəsi və ya yaşayış vəsiqəsi olan əcnəbilər, eləcə də yüksəkixtisaslı mütəxəssislər üçün də istisnalar nəzərdə tutulub.

Mordoviyada qadağanın tətbiqi zərurəti həm də yol qəzalarının statistikası ilə əsaslandırılıb. Regional Daxili İşlər Nazirliyinin məlumatına görə, 2024–2025-ci illərdə burada əcnəbilərin iştirakı ilə 24 yol qəzası baş verib və onlardan altısı ölümlə nəticələnib. Sənədlərdə taksi sahəsində qanunsuz fəaliyyət halları və qayda pozan şəxslərin inzibati cəzalardan yayınması da xüsusi vurğulanır.

Rusiya son illər əcnəbilərin ölkədə qalma və işə düzəlmə qaydalarını sərtləşdirir. 2026-cı ilin birinci yarısında Özbəkistan vətəndaşlarının işləmək məqsədilə Rusiyaya səfərlərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 13.2 faiz azalaraq 1.1 milyona düşüb.

Həmin dövrdə Tacikistandan Rusiyaya işləmək üçün 494.5 min giriş qeydə alınıb ki, bu da əvvəlki illə müqayisədə 17.9 faiz azdır.