Rusiyadan deportasiya edilən miqrantların sayı 1.5 dəfə artıb

Sizin brauzer HTML5-i dəstəkləmir

Rusiya azərbaycanlılar üçün qaydaları sərtləşdirir: 'Rüşvət istəyəcəklər' (Arxiv videosu)

2026-cı ilin doqquz ayı ərzində məhkəmə icraçıları qanunvericiliyi pozmuş 63.5 min əcnəbini Rusiyadan məcburi qaydada çıxarıblar. Bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodin məlumat verib.

"Azattyq Asia" yazır ki, Volodin miqrantların Rusiyaya girişini qadağan edən qərarların sayının da artdığını bildirib.

O, Daxili İşlər Nazirliyinin məlumatlarına istinadən deyib ki, 2026-cı ilin səkkiz ayı ərzində 260 mindən çox miqrantın Rusiyaya girişinə qadağa qoyulub: "Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 75.8 faiz çoxdur".

Dövlət Dumasının sədri xatırladıb ki, noyabrın 3-də əcnəbilərin ölkədən çıxarılmasına əsas verən inzibati hüquqpozmaların siyahısını iki dəfədən çox genişləndirən qanun qüvvəyə minib. Bununla da İnzibati Xətalar Məcəlləsində müvafiq maddələrin sayı 22-dən 45-ə çatdırılıb.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi, miqrasiya qaydalarının və dövlət sərhədi rejiminin pozulması, həmçinin polis əməkdaşlarının və sərhədçilərin qanuni tələblərinə tabe olmamaq kimi hallar da bu siyahıya daxil edilib.

Volodin onu da bildirib ki, 2024-cü ildən bəri Dövlət Duması miqrasiya siyasətinin sərtləşdirilməsinə yönəlmiş 32 federal qanun qəbul edib.