Milyonerlərin ən çox qaçdığı ölkələrin adları açıqlanıb

Aİ-nin sanksiya siyahısında yer alan rusiyalı oliqarx Dmitrieviç Pumpyanskiyə məxsus "Axioma" superyaxtası

"Henley&Partners" konsaltinq şirkəti hesablayıb ki, 2022-ci ildə Rusiyanı var-dövləti 1 milyon dolları ötən 8 min 500 adam tərk edib.

Qurumun proqnozlarına görə isə, Rusiyanı 43 faiz daha çox – varidatı 1 milyonu ötən 15 min adam tərk etməli idi. Şirkət uyğunsuzluğu proqnozun 2022-ci ilin ilk altı ayının məlumatları əsasında hazırlanması ilə izah edib. İllik nəticələrə həm də Rusiyanın Ukraynaya təcavüzünə cavab olaraq tətbiq edilən sanksiyalar və varlı insanların köçməsinin çətinləşməsi təsir göstərib.

Britaniyanın "Sibylline" konsaltinq şirkətinin analitiki Liana Semçuk deyir: "Qərbin sanksiyaları mahiyyətcə rusiyalı milyarderlərin üzünə qapıları bağlayıb və onları daha da Kremlə doğru itələyib. Bu, Rusiyanın onların vəsaitləri üzərində nəzarətini artırır və Putinin Rusiya biznesinə sərmayə qoymaq çağırışlarını dəstəkləyir".

Ən çox dollar milyoneri 2022-ci ildə Çini tərk edib – 10.8 min. Onların ən böyük axını Birləşmiş Ərəb Əmirliklərində qeydə alınıb – 5.2 min.