Macarıstanın xarici işlər naziri Peter Siyarto X platformasındakı paylaşımında bildirib ki, onun ölkəsinə gedən neft kəmərinə hücumdan sonra Rusiyadan ölkəyə neft nəqli dayandırılıb. Siyartonun sözlərinə görə, Kiyev enerji infrastruktura yenidən hücum edib və bununla da "Budapeştin enerji təhlükəsizliyinə zərbə vurub".
Macarıstanın XİN rəhbəri hadisənin dəqiq nə vaxt və harada baş verdiyini açıqlamayıb. O, Rusiya energetika nazirinin müavini Pavel Sorokinə istinadən qeyd edib ki, mütəxəssislər boru kəmərinin işini təmin edən transformator yarımstansiyasının bərpası üzərində işləyirlər. Neft tədarükünün nə vaxt bərpa olunacağı, hələlik, məlum deyil.
Siyarto iddia edib ki, Brüssel və Kiyev Macarıstanı Ukraynadakı müharibəyə cəlb etməyə çalışır. "Ukraynanın enerji təchizatımıza təkrar hücumları da eyni məqsədə xidmət edir", - macar nazir əlavə edib.
Nazir bu müharibənin onların müharibəsi olmadığını vurğulayaraq "ukraynalı qərar qəbul edənlərə xatırlatma: Macarıstandan alınan elektrik ölkənizin elektrik enerjisi ilə təmin olunmasında mühüm rol oynayır", - deyə əlavə edib.
Ukrayna xarici işlər naziri Andriy Sibiqa macarıstanlı həmkarının ittihamlarına X platformasından cavab verib. O, bu müharibəni dayandırmayan tərəfin Moskva olduğunu xatırladıb.
"Macarıstana illərdir deyilir ki, Moskva etibarsız tərəfdaşdır. Buna baxmayaraq, Macarıstan Rusiyadan asılılığını saxlamaq üçün hər cür səy göstərib. Hətta genişmiqyaslı müharibə başlayandan sonra belə. İndi siz şikayətlərinizi və hədələrinizi Moskvadakı dostlarınıza göndərə bilərsiniz", - ukraynalı nazir qeyd edib.