Kriptovalyuta dələduzluğunda ittiham olunan amerikalı Rusiyaya sığınıb

Kayl Naqi (sağda) 2024-cü ilin yayında Moskvanın mərkəzində gəzərkən

ABŞ-də böyük kriptovalyuta dələduzluğu işi üzrə ittiham olunan bir amerikalı Moskvaya köçüb. Sonradan o, keçmiş tərəfdaşlarından bəziləri ilə kəskin və mürəkkəb hüquqi mübarizəyə qoşulub.

Kayl Naqi 2023-cü ilin noyabrında ABŞ-də ona qarşı ittiham irəli sürülməzdən az əvvəl Rusiyaya köçüb. Bunu AzadlıqRadiosunun "Sistema" rusdilli araşdırma bölməsi üzə çıxarıb.

Naqi ABŞ Ədliyyə Nazirliyinin Yuta ştatında qurulmuş "Safe Moon" fırıldaqçılıq sxemi üzrə ittiham etdiyi bir neçə şəxsdən biridir. ABŞ rəsmiləri bildirir ki, Naqi və digər şərikləri investorların 200 milyon dollarlıq rəqəmsal tokenlərini mənimsəyiblər. Bu vəsaitin lüks avtomobillər və evlər almağa xərcləndiyi bildirilir.

Naqi ittihamlar irəli sürülməmişdən əvvəl ABŞ-dən qaçıb. Bu ilin fevralında onun əlbir olduğu şəxslərdən biri – Breyden Karoni 8 ildən çox həbs cəzasına məhkum edilib.

2025-ci ilin əvvəlində bir "Telegram" kanalı Rusiya məhkəmə materiallarına istinadən məlumat yaymışdı. Orada Naqinin Moskvada olduğu və guya Rusiya kəşfiyyatı ilə əlaqəli iki nəfərin onu təhdid etdiyi qeyd olunub.

Dubayda, Moskvada villalar

"Sistema"nın araşdırmasına görə, ittiham aktı açıqlanmazdan bir neçə ay əvvəl Naqi xanımı və üç övladı ilə Dubaya köçüb və 1.7 milyon dollarlıq dənizkənarı lüks villa alıb.

Dubayda o, rusiyalı işadamı Aleksandr Kopenkinlə tanış olub. Kopenkin sonradan onun 2024-cü ilin aprelində Moskvaya köçməsinə kömək edib.

"Sistema"nın əldə etdiyi sənədlərə görə, Naqi Moskvanın qərb rayonlarından birində sahəsi 1200 kvadratmetr olan villanı ayda 900 min rubla (12 min dollar) icarəyə götürüb.

"Sistema"nın danışdığı mənbələr bildirir ki, sonradan Naqi ilə Kopenkin arasında ciddi mübahisə yaranıb. Narazılığa səbəb Kopenkinin və daha bir şəxsin yeni kriptolayihəyə yatırmalı olduqları investisiyalarla bağlı öhdəlikləri yerinə yetirməməsi olub.

Naqi iddia edib ki, Rusiyada yaşayış icazəsi, daha sonra isə vətəndaşlıq almaq üçün göstərdiyi kömək müqabilində Kopenkinə 1 milyon dollar ödəyib.

Mübahisə Moskva məhkəmələrinə qədər uzanıb: Naqi Moskva vilayət polisinə oğurluq şikayəti ilə müraciət etməklə yanaşı, Dubayda da iddia qaldırıb. Kopenkinə yaxın şəxslərin sözlərinə görə, həmin iddia nəticəsində o, qısa müddətə saxlanılıb.

Rəqəmsal izlər nə deyir

Naqinin hazırda harada olduğu dəqiq bilinmir, lakin onun hələ də Rusiya ərazisində gizləndiyi ehtimal edilir.

Rusiyada sızdırılmış fərdi məlumat bazalarına əsasən, 2025-ci ilin iyulunda Naqi və xanımı Moskvadakı tibbi laboratoriyalardan birinə müraciət ediblər. Sənədlərdə onların dəqiqləşdirilməmiş analizlərdən keçdiyi qeyd olunur.

Bir neçə ay sonra isə eyni mobil nömrədən istifadə edən şəxs Moskvadakı kişi geyimi mağazalarından birində müştəri kartı əldə etmək üçün qeydiyyatdan keçib.

ABŞ Federal Təhqiqat Bürosu və ABŞ Ədliyyə Nazirliyi AzadlıqRadiosunun sorğusuna cavab verməkdən imtina edib.