IISS: 'Kölgə donanması' tankerlərindən qaldırılan dronlar NATO obyektlərini izləyib

Rusiya tankeri

Londonda yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) məlumatına görə, Rusiya özünün "kölgə donanması"na aid gəmilərdən dronlar qaldıraraq Avropadakı hərbi və nüvə obyektlərini gizlicə izləyib.

Tədqiqatçıların qənaətinə görə, ilyarım davam edən bu əməliyyat əsasən Böyük Britaniya, Fransa, Belçika və Niderlanddakı nüvə obyektlərini hədəf alıb. Ekspertlər 2024-cü ilin sonundan bəri ondan çox ölkədə bu qəbildən 144 insident qeydə alıblar.

Dronlar hərbi hava bazaları və aeroportlar üzərində dəfələrlə görünsə də, Qərb hərbçiləri onlardan heç birini zərərsizləşdirə və ya ələ keçirə bilməyib. Analitik mərkəz hesab edir ki, bu uğursuzluq NATO-nun hava hücumundan müdafiə (HHM) sistemindəki strateji boşluqları üzə çıxarıb və bu reallıq artıq Avropada qeyri-rəsmi şəkildə etiraf olunur.

Məsələn, 2024-cü ilin noyabrında Qlosterşirdəki "Ferford" Kral Hərbi Hava Qüvvələri bazası və İngiltərədəki daha iki ABŞ hərbi obyekti üzərində naməlum dronlar alçaq hündürlükdə uçuşlar keçirib. "The Guardian" yazır ki, həmin dronlar ya Şimal dənizində, Esseks qraflığı sahillərində lövbər salmış "Seasons 1" tankerindən, ya da o zaman Hall şəhərinin limanına doğru irəliləyən "Hav Dolphin" yük gəmisindən buraxıla bilərdi.

Son illər Qərb rəsmiləri Avropadakı bir sıra təxribatların, o cümlədən zavodların və kritik infrastrukturun yandırılmasının arxasında Rusiyanın dayandığını desələr də, Moskva ittihamları rədd edərək Qərbi rusofobiyanı qızışdırmaqda günahlandırır.