Avqustun 20-nə keçən gecə Rusiya qoşunları Kiyevə kütləvi zərbə endirib. Son məlumata görə, 15 nəfər həlak olub, 40 nəfər yaralanıb. Avqustun 21-i Kiyevdə matəm günü elan edilib.
Kiyev meri Vitali Kliçko bildirib ki, hücum nəticəsində Solomensk rayonunda doqquzmərtəbəli yaşayış binasının 8-ci və 9-cu mərtəbələri dağılıb. Yaxınlıqdakı dörd binanın pəncərələri sınıb, məktəbə, uşaq xəstəxanasının binasına və qarajlara ziyan dəyib. Dördmərtəbəli binanın yuxarı mərtəbələrində yanğın baş verib.
Kiyev, 20 avqust
Darnitski rayonunda qeyri-yaşayış və anbar binalarına, Svyatoşinski rayonunda qeyri-yaşayış tikililəri olan ərazidə obyektlərə ziyan dəyib, anbarlarda yanğın baş verib.
AzadlıqRadiosunun müxbiri Maryan Kuşnirin avqustun 20-də səhər saatlarında verdiyi xəbərə görə, Kiyevin müxtəlif yerlərində yanğınlar başlayıb. Xilasedicilər yanğınları söndürməyə çalışıblar.
Paytaxtın bəzi hissələrində elektrik enerjisi kəsilib.
Kiyev vilayətinin Brovarı rayonunda isə bir nəfər həlak olub, bir nəfər yaralanıb. Vilayət hərbi administrasiyasının rəhbəri Timur Tkaçenkonun sözlərinə görə, bir sənaye obyektinə də ziyan dəyib.
“Rusiyalılar uzun müddət idi buna hazırlaşırdılar. Onlar mülki infrastruktura mümkün qədər çox ziyan vurmaq üçün müxtəlif növ ballistik və qanadlı raketləri, dronları birləşdirərək hücum ediblər”, – Ukrayna prezidenti Volodimir Zelenski X platformasında yazıb.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya qüvvələri ötən gecə Ukraynaya onlarla ballistik, qanadlı və hipersəs raketi, həmçinin 168 dron buraxıb. Hücumun əsas hədəfi Kiyev vilayəti olub.
Son vaxtlar Rusiya Ukraynaya raket hücumlarını intensivləşdirib. Bu arada ölkə hava hücumundan müdafiə sistemlərinin ciddi çatışmazlığı ilə üzləşib.
Zelenski dəfələrlə Qərb müttəfiqlərini əlavə hərbi yardım göstərməyə çağırıb. O, Vaşinqtonu Ukraynanın “Patriot” hava hücumundan müdafiə sistemlərini istehsal edə bilməsi üçün lisenziya vermək vədini yerinə yetirməyə çağırıb.