Rusiya Kiyevə kütləvi zərbələr endirib: Çoxlu ölü və yaralı var

Rusiyanın raket zərbələrindən sonra Ukrayna paytaxtı Kiyevdən ucalan tüstü dumanı

Rusiyanın iyulun 2-nə keçən gecə Kiyevə endirdiyi kütləvi raket zərbələri nəticəsində ölənlərin sayı 17-yə yüksəlib. Bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Yaralıların sayı ilə bağlı rəsmi qurumlar və şəhər rəhbərliyi fərqli rəqəmlər açıqlayıb. Kiyev Şəhər Hərbi Administrasiyası ikisi uşaq olmaqla 56 nəfərin yaralandığını bildirir. Fövqəladə Hallar Dövlət Xidməti isə 30-dan çox insanın xəsarət aldığını qeyd edir. Şəhərin meri Vitali Kliçko isə 86 nəfərin yaralandığını, onlardan 70-nin xəstəxanaya yerləşdirildiyini bəyan edib.

Administrasiya rəhbəri Timur Tkaçenkonun sözlərinə görə, paytaxtın bütün rayonları zərər çəkib; ümumilikdə 30-dan çox məkanda dağıntı qeydə alınıb. Zərbələr nəticəsində 20-dən çox yaşayış binasına ziyan dəyib. Hazırda xilasedicilər 15 nöqtədə axtarış-xilasetmə işlərini davam etdirir. Dağıntılar altında hələ də insanların qala biləcəyi ehtimal olunur.

Rusiya Müdafiə Nazirliyi zərbələrin "mülki infrastruktura hücumlara cavab" olduğunu bildirib. Bəyanata görə, "hava, quru və dəniz bazalı uzaqmənzilli silahlar, PUA-larla Kiyev və ətrafındakı hərbi-sənaye müəssisələri, yanacaq-energetika obyektləri vurulub". Bundan əlavə, Dnepropetrovsk, Poltava, Çerkası, Çerniqov və Kiyev vilayətlərindəki hərbi aerodromların infrastrukturunun sıradan çıxarıldığı iddia olunur.