İyulun 19-u axşam saatlarında Rusiya ordusunun Zaporojyeyə zərbələri nəticəsində üç nəfər həlak olub. Bu barədə vilayət hərbi administrasiyasının rəhbəri İvan Fyodorov məlumat verib. Onun dediyinə görə, həlak olanlardan biri 11 yaşlı uşaqdır.
Fyodorov bildirib ki, son sutkada Zaporojye vilayətində təxminən 50 nəfər yaralanıb. O, Rusiya qüvvələrinin bir gün ərzində vilayətin 53 yaşayış məntəqəsinə ümumilikdə 1015 zərbə endirdiyini diqqətə çatdırıb.
Odessada isə iyulun 19-da Rusiyanın Qvineya-Bisau bayrağı altında üzən "Golden Leo" mülki yük gəmisinə zərbəsi nəticəsində ölənlərin sayı 10-a çatıb. Məlumatı Ukrayna Dəniz Limanları Administrasiyası yayıb.
Quru yük gəmisinin 17 ekipaj üzvü Hindistan və Suriya vətəndaşlarıdır. Ukraynalı liman bələdçisi (lotsman) həlak olanlar arasındadır. Səkkiz dənizçi xilas edilib, axtarış-xilasetmə tədbirləri bütün gecə davam edib.
Ukrayna Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, gəmiyə X-59/X-69 tipli üç qanadlı raket buraxılıb.
Gəminin sahibi Türkiyə şirkətidir.
Rusiya Müdafiə Nazirliyi isə Odessa limanında yanacaq-sürtkü materialları saxlanılan rezervuarları hədəf götürdüyünü bəyan edib.
Rusiyanın Kiyevə zərbələri Azərbaycanın Ukraynadakı səfirliyinin binasına ziyan vurub
Rusiya ordusunun iyulun 19-na keçən gecədən başlayaraq Kiyevə endirdiyi kütləvi raket zərbələri Azərbaycanın Ukraynadakı səfirliyinin inzibati binasına ziyan vurub. Rəsmi AZƏRTAC agentliyinin xüsusi müxbiri xəbər verir ki, binadan 200-250 metr məsafəyə, "Lukyanovka" metrostansiyasının qarşısına düşən raketin zərbəsindən səfirlikdə şüşələr sınıb, tavanda çatlar yaranıb.
Səfirliyin şəxsi heyətindən xəsarət alan olmayıb.
Rusiyanın Ukraynaya qarşı beşinci ildir davam edən işğalçı müharibəsi dövründə Kiyevə hava hücumları Azərbaycan təmsilçiliyinin inzibati binasına da bir neçə dəfə ziyan vurub.
İyulun 19-na keçən gecə Ukrayna paytaxtına raket və dron zərbələrindən bir nəfər həlak olub, 16 nəfər yaralanıb. Ukrayna isə Qara dənizdə Rusiyaya bağlı iki neft tankerini vurduğunu açıqlayıb.
Ukrayna Rusiyanın 41 raket və 125 dronla hücuma keçdiyini, bunlardan 18 raket və 108 dronun zərərsizləşdirildiyini bildirib.
Rusiya Müdafiə Nazirliyi hərbi infrastruktur obyektlərini hədəfə aldığını deyir. Qurumun iddiasına görə, silah komponentlərinin saxlanıldığı logistika mərkəzinə, raket hissələri istehsal edən müəssisələrə zərbələr endirilib. Kiyev vilayətində PUA-lar üçün komponentlərin saxlanıldığı anbarın, Odessa yaxınlığındakı yanacaq bazaları və liman infrastrukturunun vurulduğu açıqlanıb.
Bu iddiaları müstəqil şəkildə təsdiqləmək mümkün olmayıb.
İki neft tankeri vurulub
Bu arada Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə bildirib ki, qüvvələri Qara dənizdə Rusiyanın "kölgə donanması"na aid olduğu bildirilən iki neft tankerini və Azov dənizində üzən kranı vurub. Baş Qərargahın məlumatına görə, hər üç gəmi Rusiyanın hərbi əməliyyatlarına dəstək məqsədilə istifadə olunurdu.
Rusiya və Qazaxıstanın birgə müəssisəsi olan Xəzər Boru Kəməri Konsorsiumu (CPC) zərbəni pisləyərək bildirib ki, həmin gəmilər qanuni kommersiya fəaliyyəti ilə məşğul idi.
Qazaxıstan Xarici İşlər Nazirliyi isə bəyan edib ki, hazırda dəymiş zərər hərtərəfli qiymətləndirilir.
Bundan əvvəl Rusiyanın Qara dəniz sahillərindəki neft obyektlərinə dron zərbələri Ukrayna ilə Qazaxıstan arasında diplomatik gərginliyi artırıb, həm də bu ölkənin neft ixracında əsasən bir boru kəmərindən asılı olduğunu üzə çıxarıb.
Ukrayna bir gün əvvəl Rusiyaya genişmiqyaslı dron hücumu ilə Moskva və Tambov vilayətlərindəki logistika mərkəzlərini hədəf götürüb.
Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, hədəfə alınan obyektlər Rusiyanın dron istehsalı üçün sanksiyalı komponentlərin və naviqasiya avadanlıqlarının təminatında istifadə olunurdu.
Rusiya rəsmiləri Ukraynanın hücumu nəticəsində Kursk vilayətində bir nəfərin öldüyünü açıqlayıb. Tambov vilayətində logistika mərkəzinə zərbə zamanı 10 nəfər yaralanıb.