Kasparov: 'ABŞ və Litva xüsusi xidmət orqanları bizi təhlükə barədə xəbərdar edib'

Harri Kasparov

Şahmatçı Harri Kasparov bildirib ki, Litva və ABŞ xüsusi xidmət orqanları onu və "Azad Rusiya Forumu"nun həmtəsisçisi İvan Tyurini həyatlarına təhlükə olduğu barədə xəbərdar ediblər. Bundan əvvəl İspaniyanın "El Mundo" qəzeti Rusiya hakimiyyəti ilə əlaqəli şəbəkənin üç müxalifətçinin qətlini planlaşdırdığını yazıb.

"Nə mənə, nə də İvana birbaşa deyilməyib ki, sui-qəsdi törədəcək şəxslərə qarşı ittiham materiallarında adları gizlədilən insanlar məhz bizik. Amma Litva və ABŞ xüsusi xidmət orqanları həyatımızın təhlükədə olduğunu bildirib və təhlükəsizlik tədbirləri görməyimizi istəyiblər", – Kasparov yazıb.

Sentyabrda ABŞ Federal Təhqiqat Bürosu (FBI) və digər müvafiq qurumlar Rusiya casus şəbəkəsinin ifşa olunduğunu açıqlayıblar. İddiaya görə, bu şəbəkəyə Rusiya xüsusi xidmət orqanlarının keçmiş polkovniki, 63 yaşlı Yuri Xrameyev, onun oğlu - Federal Təhlükəsizlik Xidmətinin (FSB) 27 yaşlı zabiti Kirill Xrameyev, Rusiyada yaşayan Kuba vətəndaşı Oemis Romaqosa Durruti, digər Kuba vətəndaşı Yaidel Delqado Suares və Venesuela vətəndaşı Anxel Eduardo Kastro daxildir. ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, onlar ABŞ-də iki, Litvada isə bir nəfəri izləmək və öldürmək üçün adamlar cəlb ediblər.

"El Mundo" qəzeti sui-qəsd planının hədəfləri arasında ABŞ-də yaşayan Kasparovu, onun Litvada məskunlaşan həmkarı Tyurini və Dövlət Dumasının Kiyevlə Vaşinqtonda yaşayan keçmiş deputatı İlya Ponomaryovu göstərib.

Ponomaryov "El Mundo"nun bu materialını şərh etməyib. Amma siyasətçiyə yaxın bir mənbə BBC-yə bildirib ki, "bu, artıq ona qarşı doqquzuncu sui-qəsd cəhdidir".

Sentyabrın 15-də ABŞ Ədliyyə Nazirliyi ikisi Rusiya vətəndaşı olmaqla, beş nəfərə qarşı məxfiliyi qaldırılmış ittiham aktını dərc edib. Sənədə əsasən, həmin şəxslər Rusiya xüsusi xidmət orqanlarının tapşırığı ilə ABŞ daxil olmaqla, müxtəlif ölkələrdə qətllər və diversiyalar hazırlayıblar.

İttihamnamədə bildirilir ki, təqsirləndirilən şəxslər RIS adlı şəbəkənin üzvləridir. Bu şəbəkə 2024-cü ildən bəri ABŞ və digər ölkələrin vətəndaşlarına Rusiya hakimiyyətinin əleyhdarlarını təqib edib öldürmək, həmçinin Ukraynaya dəstək verən Avropa ölkələrində mülki və hərbi infrastruktura qarşı diversiyalar törətmək üçün pul ödəyib və ya ödəməyə cəhd göstərib.