Rusiyada jurnalistləri Navalnı fondu ilə əlaqələrinə görə həbs ediblər

Navalnının komandası ilə əlaqədə olan rusiyalı jurnalistlər mühakimə olunur

Moskva məhkəməsi dörd rusiyalı jurnalisti mərhum müxalifət lideri Aleksey Navalnının Korrupsiyaya Qarşı Mübarizə Fondu (FBK) ilə əlaqəli fəaliyyətlərinə görə hər birini 5 il yarım müddətinə azadlıqdan məhrum edib. Rusiya hökuməti FBK-nı "ekstremist təşkilat" kimi tanıyır.

Jurnalistlər — Antonina Favorskaya, Sergey Karelin, Konstantin QabovArtyom Kriqer üçün hökm oxunan məhkəmə iclası qapalı keçirilib. Jurnalistlər FBK-ya bağlı YouTube kanalları ilə əməkdaşlığa görə məhkum olunublar

Favorskaya və Kriqer hazırda Rusiya hökuməti tərəfindən "xarici agent" kimi tanınan "SOTAVision" media qurumu üçün çalışıblar.

"Müstəqil jurnalistika ekstremizmlə eyniləşdirilir"

Qabov və Karelin isə müstəqil jurnalistlərdir və "Reuters", "The Associated Press" kimi beynəlxalq media qurumları ilə əməkdaşlıq ediblər. Qabov həmçinin AzadlıqRadiosunun rusdilli xidməti ilə də əməkdaşlıq edib.

"Mən heç vaxt heç bir siyasi partiyanın üzvü olmamışam və hər zaman müxtəlif fikirlərə malik insanların hakimiyyət tərəfindən dinlənilməsi üçün onların fikirlərini obyektiv şəkildə çatdırmağı özümə bir jurnalist kimi borc bilmişəm", - Qabov məhkəmədəki son ifadəsində bildirib.

"Rusiyada müstəqil jurnalistika ekstremizmlə eyniləşdirilir", - o deyib.

Karelin isə çıxışında vurğulayıb ki, onun əməkdaşlıq etdiyi kanal o dövrdə hələ "ekstremist" elan edilməmişdi.

"Peşmanlıq yüngülləşdirici hal sayılır. Məhz cinayətkarlar etdiklərinə görə peşman olmalıdırlar. Amma mən işimə, jurnalistikaya dürüst və qərəzsiz münasibətimə, ailəmə və ölkəmə olan SEVGİYƏ görə həbsdəyəm", - o, məhkəməyə verdiyi yazılı açıqlamasında bildirib.

Prokurorluq hər bir təqsirləndirilən şəxs üçün 6 ilədək həbs cəzası tələb etmişdi.

Məhkəmə prosesi ictimaiyyət üçün bağlı keçirilib. Rəsmilər bunu Rusiya Ekstremizmlə Mübarizə Mərkəzinin xəbərdarlığı ilə əsaslandırıblar —FBK məhkəmə prosesinə müdaxilə etməyə cəhd göstərə bilərmiş.

Bu hökm, jurnalistlərə və Navalnının keçmiş tərəfdarlarına qarşı genişmiqyaslı repressiyanın bir hissəsidir. Navalnı 2024-cü ilin fevralında mübahisəli şəraitdə həbsxanada dünyasını dəyişib. O, siyasi motivlərlə qurulmuş ittihamlarla 19 illik cəza müddətini çəkirdi.

Navalnının ölümü beynəlxalq aləmdə qəzəb doğurub və Rusiyanın siyasi məhbuslara, müstəqil mediaya qarşı davranışının daha dərindən izlənilməsinə səbəb olub.

İnsan hüquqları təşkilatları bildirir ki, hazırda Rusiyada oxşar ittihamlarla onlarla jurnalist həbsdədir. Hökumət müxalif səsləri sıxışdırmağa davam edərək bu sahədə nəzarəti gücləndirir.