Rusiya Hakimlər Şurasının sədri Viktor Momotovun aktivlərinin müsadirəsi tələb olunur

Viktor Momotov

Rusiya Baş Prokurorluğu Hakimlər Şurasının sədri Viktor Momotovun aktivlərinin müsadirə olunmasını tələb edib. Bu haqda "Kommerstant" qəzeti xəbər yayıb. Baş Prokurorluq Momotova qarşı iddia qaldıraraq onun azı 9 milyard rubl dəyərində aktivlərinin müsadirəsini istəyib.

İddia ərizəsində deyilir ki, sahibkarlıq fəaliyyətinin yasaqlanmasına baxmayaraq, Momotov Moskva və digər altı regionda otel biznesində iştirak edib. Onun biznes ortağının "Marton" otellər şəbəkəsinin sahibi Andrey Marçenko olduğu bildirilir. İddia ərizəsində ona "cinayətkar aləmin Krasnodar təmsilçisi" deyilir.

Momotovun "Pokrovskiye" cinayətkar qruplaşmasının təşkilatçıları ilə əməkdaşlıq etdiyi iddia olunur. Prokurorluğun ərizəsində deyilir ki, qruplaşma "hakimiyyətdən korrupsiya yoluyla istifadə, zorla ələ keçirmə, ədalətsiz məhkəmə qərarları hesabına aktivlər formalaşdırıb".

Baş Prokurorluq iddia edir ki, Momotov vəzifəsindən yararlanaq "öz aktivlərini kapitala çevirib, otellərin tikintisi üçün yeni daşınmaz əmlak obyektlərinin leqallaşdırılmasına kömək edib, bu tikintilər qanunvericiliyin tələblərinə zidd aparılıb".

İdarənin versiyasına görə, Momotov Marçenkoya 11 daşınmaz əmlak obyektinin məhkəmə yolu ilə leqallaşdırılmasında köməklik göstərib. Marçenko və ona bağlı şəxslər 44 torpaq sahəsi və 51 daşınmaz əmlak obyektinin qeydiyyatını gerçəkləşdiriblər və onların əsasında "Marton" otellər şəbəkəsi yaradılıb.

RBK-nin bilgisinə görə, otellər fərdi yaşayış evləri adı ilə istifadəyə verilib. Hakim orqanlar bunu məhkəmələrdə mübahisələndirməyə çalışsa da, Momotov buna mane olub.

Baş Prokurorluq Hakimlər Şurasının sədri olan Momotovdan 100-ə yaxın daşınmaz əmlak obyektinin müsadirəsini tələb edir. Bu əmlak üçüncü şəxslərin adına qeydiyyatdan keçirilib.

Momotov və Marçenkonu 500 milyon rubl dəyərində vergidən yayınmaqda da ittiham edirlər.