Azərbaycan keçmiş hakim Xaxalevanı Rusiyaya verməkdən imtina edib

Yelena Xaxaleva

Azərbaycanda məhkəmə Krasnodar Vilayət Məhkəməsinin keçmiş hakimi Yelena Xaxalevanın Rusiyaya ekstradisiyasından imtina edib. Bu barədə APA onun vəkilinə istinadən xəbər verir.

Xaxaleva Rusiyanın tələbi ilə yanvarın sonunda Bakıda saxlanılıb. "Kommersant" qəzeti bunun Dubaya uçuşdan əvvəl hava limanında baş verdiyini yazıb. Əvvəlcə Xaxaleva istintaq təcridxanasına göndərilib, lakin fevralın 4-də polis nəzarətinə verilməklə sərbəst buraxılıb.

Rusiyada Xaxalevaya qarşı dələduzluq və vəzifə saxtakarlığına görə cinayət işi açılıb. Müstəntiqlərin fikrincə, o, 2016-2019-cu illər arasında 127 gün iş yerində olmayıb: o, iş vaxtının cədvəllərini dolduran məhkəmə işçilərini aldadıb və nəticədə təxminən 1.2 milyon rubl (14 min 515 ABŞ dolları) maaş alıb.

2021-ci ilin dekabrında Hakimlərin ali ixtisas kollegiyası Xaxalevaya qarşı işin başlanmasına icazə verib, lakin o, bu vaxta qədər ölkəni tərk edib. Bundan əvvəl o, hakim statusundan məhrum edilib.

Y.Xaxaleva 2017-ci ildə, media onun qızı və İstintaq Komitəsinin müstəntiqi Vadim Badalovun dəbdəbəli toyu haqqında yazandan sonra məşhurlaşıb. Şənlikdə Nikolay Baskov, Valeri Meladze, İosif Kobzon və digər ulduzlar görüntüləniblər. Tədbirin dəyərinin 2 milyon dollar olduğu bildirilirdi. Daha sonra Krasnodar Vilayət Məhkəməsinin Hakimlər şurası toya 4.5 milyon rubl (51 min 430 dollar) xərcləndiyini müəyyən edib.