FSB: General Alekseyevə sui-qəsdə görə saxlananlar təqsirlərini etiraf ediblər

Vladimir Alekseyev

Rusiya Baş Qərargahının idarə rəisinin birinci müavini Vladimir Alekseyevə sui-qəsdə görə saxlananlar təqsirlərini etiraf ediblər. Məlumatı Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) yayıb.

İş üzrə Rusiya vətəndaşları Lyubomir KorbaViktor Vasin saxlanılıblar. FSB bildirir ki, Korba cinayəti birbaşa icra edib, Vasin isə ona yardım edib. Korbanın ötən ilin avqustunda Ternopolda bu işə cəlb olunduğu iddia edilir. FSB-nin versiyasına görə, cəlbetmədə Polşa xüsusi xidmətləri və onun oğlu – Polşa vətəndaşı Lyuboş Korba iştirak edib.

İcraçının Kiyevdə poliqonda atış təlimi keçdiyi, təlimat aldığı, Rusiyaya göndərildiyi iddia olunur. İstintaqın versiyasına görə, Korba generalı liftin çıxışında gözləyib, dörd atəş açıb. Korbaya qətlə görə 30 min dollar vəd olunduğu deyilir. Qeyd olunur ki, o, kriptovalyuta ilə aylıq ödəniş qarşılığında Moskva vilayətində yüksəkrütbəli rusiyalı hərbçiləri izləyib.

Generala qəsd işində üçüncü şübhəli olan Zinaida Serebritskanın Ukraynaya gedə bildiyi vurğulanır. FSB sui-qəsdin təşkilatçılarının axtarıldığını qeyd edir.

"The Washington Post" mənbələrə istinadla yazıb ki, Qərbin xüsusi xidmət orqanları Ukraynanın bu sui-qəsdə bağlılığına şübhə edirlər. Onların fikrincə, bu sui-qəsd sülh danışıqları fonunda törədilib, Donald Tramp administrasiyasının kəskin reaksiyasına səbəb ola bilər.

Bir mənbə isə sui-qəsdin daxili məsələlərlə bağlı ola biləcəyini bildirib. O, generalın 2023-cü ildə "Vaqner" özəl hərbi şirkətinin qiyamının yatırılmasında iştirakını yada salıb.

Vladimir Alekseyevə sui-qəsd fevralın 6-da baş verib. O, xəstəxanaya yerləşdirilib, özünə gəldiyi açıqlanıb. Xarici işlər naziri Sergey Lavrov hadisəni terakt, Ukrayna ilə bağlı danışıqları pozmaq cəhdi adlandırıb.

Ukrayna mediası da prezident administrasiyasında mənbələrə istinadla yazıb ki, onlar da generala qəsdi sülh danışıqlarını pozmaq cəhdi sayır, amma Rusiyanın törətdiyini düşünürlər.