ABŞ Rusiya kəşfiyyatı ilə əlaqəli beş nəfərə ittiham irəli sürüb

Federal Təhqiqat Bürosunun (FTB) Vaşinqtondakı baş qərargah binası

Rusiya kəşfiyyat qurumları ABŞ və Avropada yaşayan dissidentlərə qarşı bir sıra izləmə və sui-qəsd əməliyyatları planlaşdırıb. Bunu ABŞ rəsmiləri yeni federal ittiham aktında bildirirlər.

İndiyədək Qərbin hüquq-mühafizə orqanları Rusiyanın oxşar cəhdləri ilə bağlı dəfələrlə xəbərdarlıq ediblər. Bu tipli əməliyyatlarda əksər hallarda peşəkar casusluq hazırlığı keçməmiş şəxslərdən istifadə olunur və çox vaxt həmin şəxslərin real niyyətlərdən heç xəbəri də olmur.

Sentyabrın 15-də açıqlanan ittiham aktında beş nəfərin adı çəkilir. Onların arasında Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) ilə əlaqəli ata və oğul da var. Kirill Xrameyev FSB polkovniki, atası Yuri isə qurumun keçmiş polkovniki kimi təqdim olunur.

Digər üç nəfərin – iki Kuba və bir Venesuela vətəndaşının Rusiyada yaşadığı güman edilir. Onlar azadlıqdadırlar.

40 min dollara "aradan götürmək"

İttiham aktına əsasən, hələ bu ilin yayında ABŞ-də yaşayan Venesuela vətəndaşı Vaşinqtonda məskunlaşmış tanınmış rusiyalı dissidenti izləməyə cəlb edilib.

Həmin şəxs iki ünvana göndərilib və ona bu izləmə qarşılığında ona əvvəlcə 1000, daha sonra isə 1500 dollar vəd edilib. İddialara görə, o, ərazidən çəkdiyi fotoşəkilləri FSB əməkdaşına göndərib. FSB əməkdaşı isə dissidenti "aradan götürmək" və ya "yoxa çıxarmaq" üçün ona 40 min dollar təklif edib.

Həmin şəxs təklifi rədd edəndən sonra FSB əməkdaşlarının qətlin icrası üçün Birləşmiş Ştatlarda başqa şəxslər axtarmağa başladıqları bildirilir.

Kirill Xrameyev və atası Yuri Xrameyev

İttiham aktında deyilir ki, Litvada yaşayan bir amerikalı kişi 2025-ci il iyunun 25-də Estoniyaya, Rusiya ilə sərhədə gedib. Orada o, Xrameyevlə görüşüb. İddiaya görə, Xrameyev ona Vilnüsə qayıdaraq "Rusiya haqqında yalanlar danışan pis adam"ın yaşadığı evin fotoşəkillərini çəkmək üçün məbləği açıqlanmayan pul təklif edib.

İzləmək üçün 200, öldürmək üçün 25 min dollar

İzləmə tapşırığı qarşılığında həmin şəxsə 200 dollar ödənilib. Sonra onu Xrameyevin atası Yuri ilə əlaqələndiriblər. İddiaya görə, Yuri hədəfi "ölkə haqqında böhtan yaydığına", "mediaya və insanlara rusların təcavüzkar olduğunu söylədiyinə" görə öldürmək üçün 25 min dollar təklif edib.

Həmin şəxs bu təklifi geri çevirdikdə, Yuri ona məbləği açıqlanmayan pul qarğılığında bir anbarı və ya elektrik yarımstansiyasını yandırmağı təklif edib.

İttiham aktına əsasən, Xrameyev həmin şəxsə Ukraynanı dəstəkləyən ölkələri hədəfə almaqda maraqlı olduğunu və "ciddi işə görə ciddi pul" təklif etdiyini yazıb.

Qrup həmçinin Çexiyada avtobusları yandırmaq cəhdində, Ukraynaya radioavadanlıq tədarük edən Litva obyektinə qarşı təxribat planlaşdırmaqda ittiham olunur.

FSB ittiham aktı ilə bağlı açıqlama verməyib.