Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) ölkədə, yaxud regionda təhlükəsizliyə təhdid olmasa belə rabitəni bloklaya biləcək. Bu, "Rabitə haqqında" Qanuna düzəlişlərdə nəzərdə tutulub. "Agentstvo" ikinci oxunuşa təqdim olunan dəyişikliklərə diqqət yetirib.
Düzəlişlərin yeni versiyasına görə, rabitə operatorları FSB qurumlarının tələbi ilə rabitə xidmətlərini kəsməli olacaqlar. Bu, Rusiya prezidentinin normativ hüquqi aktları ilə müəyyən edilmiş hallara aiddir. İlkin versiyada isə deyilirdi ki, rabitə əlaqəsi "...vətəndaşları və dövləti yaranan təhlükəsizlik təhdidlərindən qorumaq məqsədilə" dayandırılır.
Hüquqşünasların nəşrə dediyinə görə, qanun layihəsinin yeni redaksiyası internetin söndürülməsi prosesini daha da asanlaşdırır. "Birinci şöbə"nin hüquqşünası Yevgeni Smirnov bildirib ki, "bu, daha çox prezidentin əl-qolunu açır, çünki belə halları məhz o müəyyən edəcək".
Kibertəhlükəsizlik üzrə hüquqşünas Sarkis Darbinyan deyib ki, prezidentin aktları "hökumətin qərarından da sadədir". "OVD-İnfo"nun hüquqşünası Valeriya Vetoşkina isə əlavə edib ki, düzəliş FSB-nin səlahiyyətlərini genişləndirəcək.
"Nastoyaşşeye Vremya" qeyd edir ki, FSB-yə rabitəni məhdudlaşdırmaq hüququ verən qanun layihəsi noyabrda Dövlət Dumasına təqdim olunub. O zaman dövlət agentlikləri mənbəyə istinadla yazırdılar ki, təşəbbüsün məqsədi dron hücumları səbəbindən rabitənin kəsilməsinə görə operatorları məsuliyyətdən azad etməkdir.
Digər yandan, Rusiyada mobil cihazların IMEI nömrələrinin məlumat bazasını yaratmaq istəyirlər. Rabitə yalnız telefon nömrələri reyestrdə olan cihazlara təqdim olunacaq. Nazir müavini Dmitri Uqnivenko bildirib ki, bu, Ukrayna dronlarını daha effektiv bloklamağa imkan verəcək. Bəzi dronlar hədəfə yaxınlaşanda sim-kartlardan istifadə edir. "Kommersant"ın yazdığına görə, bu nömrələrin reyestrinin yaradılması təklifini FSB-yə Rəqəmsal İnkişaf Nazirliyi verib.