S. Sarkisian: “Ermənistan yalnız qarşılıqlı güzəştə gedə bilər”

Serzh Sarkisian

«Ermənistan tərəfi Dağlıq Qarabağ probleminin həllində güzəştə yox, kompromistə ehtiyac olduğunu hər zaman bəyan edib». Ermənistan prezidenti Serzh Sarkisian yerli telekanala müsahibəsində belə deyib. Məlumatı “RİA Novosti” yayıb.

«Son 20 ildə biz heç vaxt və heç yerdə güzəştdən danışmamışıq. Biz bundan əvvəl də, indi də problemin kompromisli həllindən danışırıq. Əminəm ki, problem növbəti 20 ildə də həllini tapmasa, artıq Ermənistan tərəfinin artıq qarşılıqlı güzəştə getmək arzusu da qalmayacaq, çünki bu, problemin həllinə gətirib çıxarmır” – deyə Sarkisian bildirib.

O, qeyd edib ki, Ermənistan tərəfi üç prinsipi əsas götürür: Dağlıq Qarabağ əhalisinin öz müqəddəratını təyin etməsi, Ermənistanla Qarabağ arasında quru sərhəd və Qarabağın təhlükəsizliyinə zəmanət.

Sarkisian Ermənistan-Rusiya münasibətlərindən də danışıb, deyib ki, Rusiyanın Azərbaycanı silahla təchiz etməsi Rusiya-Ermənistan münasibətlərinə, bu iki ölkə arasındakı hərbi əməkdaşlığa ən çox xələl gətirən məqamdır.

Prezident onu da əlavə edib ki, ciddi bir şey baş verməzsə, Rusiyanın fəaliyyətini regionda sabitliyin qoruması naminə ən uzunmüddətli siyasi fəaliyyət saya bilərik.

Bu ilin mart ayında Ermənistanın müdafiə naziri Vigen Sarkisian bəyan edib ki, Yerevan Rusiyadan Azərbaycanın hərbi potensialına cavab verə biləcək texnika almaqda maraqlıdır.