Avropa Komissiyası Rusiyada yaşayan şəxslərin "Erasmus+" tələbə mübadiləsi proqramında iştirakını qadağan edib. Bu barədə proqramın 2027-ci il üçün təlimatında bildirilir.
Qadağa vətəndaşlığından asılı olmayaraq Rusiyada yaşayan bütün şəxslərə şamil olunur. Sənəddə vurğulanır ki, proqramda "istənilən formada" iştirak yolverilməzdir.
Avropa İttifaqı (Aİ) ölkələrindən olan tələbələrin və ali məktəb əməkdaşlarının "Erasmus+" çərçivəsində Rusiyaya səfərləri də proqramdan çıxarılıb.
Bundan başqa, Rusiyada yaşayanlar artıq Avropa universitetlərində "Erasmus Mundus Joint Master" (EMJM) birgə magistratura proqramları üzrə təqaüd ala bilməyəcəklər.
Rusiya idmançılarını öz bayraqları altında yarışlara buraxan beynəlxalq idman qurumları da proqramın idman layihələrinə qoşula bilməyəcəklər.
"Erasmus" proqramı 30 ildən çoxdur fəaliyyət göstərir. Bu, Aİ-yə üzv ölkələr və bir sıra tərəfdaş dövlətlər arasında tələbə mübadiləsi proqramıdır. "Erasmus+" təkcə tələbə mübadiləsini deyil, təhsil sahəsində əməkdaşlığın digər istiqamətlərini də əhatə edir.
2014–2021-ci illərdə Rusiyadan təxminən 13 min 200 tələbə və elmi işçi bu proqramdan yararlanıb.
Moskva 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayandan sonra Aİ öz büdcəsindən Rusiya dövlət qurumlarına maliyyə ayrılmasını dayandırıb.