Çin-Rusiya sərhədində dabaq xəstəliyinin yayıldığı bildirilir

Heyvanlarda SAT1 ştammı aşkarlanıb. Çin istehsalı vaksinlər bu ştamma təsir göstərmir.

Çinin şimal-qərbində, Rusiya ilə sərhəddə dabaq xəstəliyi qeydə alınıb. Ölkədə mövcud vaksinlər bu ştamma təsir göstərmir. Xəbəri "Reuters" Çinin Kənd Təsərrüfatı Nazirliyinə istinadla yayıb.

Agentlik qeyd edir ki, Çin hakimiyyəti Qansu vilayətində və Altayla həmsərhəd Sincan-Uyğur Muxtar Rayonunda iki sürüdə xəstə heyvanları məhv edir. Altı mindən çox mal-qaradan ibarət sürüdə 219 baş heyvanda dabaq xəstəliyi tapılıb.

Heyvanlarda SAT1 ştammı aşkarlanıb. Çin istehsalı vaksinlər bu ştamma təsir göstərmir, çünki SAT1 serotipi daha öncə, əsasən, Afrikada və Yaxın Şərqdə qeydə alınıb.

Fermerlərin etirazı

Bundan əvvəl Rusiyada mal-qaranın kütləvi qırılmasından sonra heyvanlar üçün vaksin istehsalı yenidən qurulub. Vladimir Putin "Rusiya Bioloji Sənaye Şirkəti" adlı elmi-istehsalat birliyinin yaradılması haqqında fərman imzalayıb. Bu quruma pasterellyoz və dabaq xəstəliyinə qarşı vaksin hazırlayan müəssisələr daxil edilib.

Fevraldan Novosibirsk vilayətində və digər bölgələrdə, Çinlə həmsərhəd Altay Respublikası və Zabaykalyedə fermerlərdən mal-qara götürülərək məhv edilib. Buna səbəb kimi pasterellyoz və quduzluq xəstəliklərinin yayılması göstərilib. Bu, fermerlər arasında etirazlara səbəb olub, çünki onlara mal-qaranın vəziyyəti barədə sənədlər təqdim edilməyib. Bir neçə fermer həbs edilib, onlardan biri barəsində cinayət işi açılıb.

Rusiya dabaq xəstəliyinin yayılmasını niyə gizlədir

ABŞ Ədliyyə Nazirliyi bildirib ki, söhbət dabaq xəstəliyindən gedə bilər. Bu xəstəlik yayılanda adətən belə tədbirlər görülür, ət ixracına məhdudiyyətlər tətbiq olunur.

Ət təsərrüfatı üzrə ekspert Arsen İslamov da "Nastoyaşeye Vremya"ya müsahibəsində oxşar fikir səsləndirib. Onun sözlərinə görə, Rusiya hakimiyyəti dabaq xəstəliyinin yayılmasını gizlətmək qərarına gəlib, çünki əsas gəlir mənbəyini itirməkdən qorxur. ÜTT üzvü kimi Rusiya ev heyvanlarında bu xəstəliyin təsdiqlənməsi barədə məlumat verməlidir. Bu halda digər ölkələr Rusiyadan ət və süd məhsullarının idxalını qadağan edə bilər.

Sizin brauzer HTML5-i dəstəkləmir

Dabaq xəstəliyinə qarşı 4.3 milyon AZN ayrılıb. Fermerlər isə deyir, vaksin vurulmayıb

Ötən ilin payızında Azərbaycanda da dabaq xəstəliyi yayılıb, oktyabrın sonunda heyvan bazarlarına məhdudiyyətlər tətbiq olunub. Rəsmi orqanlar bu xəstəliyə qarşı bütün ölkə ərazisində peyvəndləmə işləri aparıldığı açıqlayıb. Əksər bölgələrdə tələfat hallarının baş verdiyi bildirilib. Zərərçəkən fermerlərin bəziləri iddia ediblər ki, xəstəliyin aşkarlanmasından öncə heyvanları dabaq əleyhinə peyvənd də etdiriblər. Azərbaycanda dabaq əleyhinə peyvəndlər pulsuzdur.