Rusiya Baş Prokurorluğu "British Council"ı "arzuolunmaz təşkilat" elan edib. Bu barədə məlumat Baş Prokurorluğun saytında dərc olunub.
1934-cü ildə əsası qoyulan "British Council" Birləşmiş Krallıqla digər ölkələr arasında təhsil, mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın inkişafına xidmət edir. Təşkilat dünyanın 100-dən çox ölkəsində fəaliyyət göstərir.
Onun əsas fəaliyyət istiqamətlərindən biri xarici ölkələrin vətəndaşları üçün ingilis dilinin tədrisinin təşkili və təşviqidir. "British Council" xüsusilə IELTS imtahanının təşkilində iştirak edir.
"British Council" hazırda Rusiyada fəaliyyət göstərmir. Təşkilatın Moskvadakı sonuncu ofisi 2018-ci ildə London və Moskva arasında diplomatik münasibətlərin kəskin şəkildə pisləşməsi fonunda bağlanıb. Təşkilat 20 ildən artıq idi ki, Rusiyada fəaliyyət göstərirdi.
Rusiya Baş Prokurorluğunun bəyanatında qeyd olunur ki, sözügedən təşkilat "təhsil və mədəni fəaliyyət adı altında ...ingilis dilinin tədrisi bəhanəsi ilə... təhsil, mədəniyyət və gənclər siyasəti sahəsində Britaniyanın uzunmüddətli maraqlarını və dəyərlərini təbliğ edir".
Rusiya Baş Prokurorluğu əlavə edir ki, təşkilat "ölkəmizdə qadağan olunmuş LGBT hərəkatını fəal şəkildə təbliğ edir və dəstəkləyir". Təşkilatın öz işini "Böyük Britaniya hökumətinin prioritetlərinə uyğun olaraq" təşkil etdiyi iddia olunur.
"Current Time"ın xəbərinə görə, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) də ayrıca bəyanat yayıb. FSB iddia edib ki, Böyük Britaniyanın xüsusi xidmət orqanları "British Council"dan digər ölkələrin suverenliyinə qarşı əməliyyatlar aparmaq üçün istifadə edir.
FSB həmçinin Rusiyanın "dost" adlandırdığı ölkələrə öz dövlətlərinin ərazisində təşkilatın fəaliyyətini dayandırmağı tövsiyə edib.
"British Council" Rusiya hökumətinin qərarını hələ ki şərh etməyib. Son illərdə Rusiya hakimiyyəti 200-dən çox beynəlxalq və xarici təşkilatı "arzuolunmaz təşkilat" kimi tanıyıb. Onların arasında əsas insan haqları, elmi, humanitar təşkilatlar, media qurumları, o cümlədən Azad Avropa/Azadlıq Radioları da var. Rusiya vətəndaşları üçün bu cür təşkilatlarla əməkdaşlıq qadağandır. Bir neçə nəfər bu cür əməkdaşlığa görə cinayət məsuliyyətinə cəlb olunub.